DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
Gündəm
12.06.2026, 12:58
Mundiala baxış: debütantlardan favoritlərə
Futbol üzrə 23-cü dünya çempionatına ötən gün Meksika - Cənubi Afrika oyunu ilə start verilib. İyulun 19-dək davam edəcək
mundial həm formatı, həm də coğrafiyası baxımından indiyədək görünməmiş
yeniliklərlə yadda qalacaq.
2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək ki, daha əvvəl həmin say 32-yə bərabər idi. FIFA hesab edir ki, bu genişlənmə həm rəqabəti artıracaq, həm də daha çox ölkəyə dünya futbolunun ən böyük səhnəsində çıxış etmək imkanı verəcək.
Genişlənən iştirakçı sayı turnirin formatına da təsir edib. Artıq komandalar hərəsində 4 iştirakçı olmaqla 12 qrupda mübarizə aparacaqlar. Pley-off mərhələsinə qrup qalibləri və ikincilərlə yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda da vəsiqə qazanacaq. Bunun nəticəsində mundialın proqramına yeni mərhələ - 1/16 final əlavə olunub.
Özbəkistan, İordaniya, Kabo Verde və Kürasao komandaları tarixlərində ilk dəfə dünya çempionatında iştirak edəcəklər. Xüsusilə Kürasaonun mundiala vəsiqə qazanması diqqət çəkir. Karib hövzəsində yerləşən bu ada dövləti dünya çempionatında çıxış edəcək ən kiçik əraziyə və ən az əhaliyə malik ölkə olacaq.
Bununla yanaşı, bəzi komandalar uzun fasilədən sonra mundiala qayıdırlar. Konqo DR və Haiti 1974-cü ildən, İraq 1986-cı ildən, Avstriya, Norveç və Şotlandiya isə 1998-ci ildən sonra yenidən dünya çempionatında mübarizə aparacaqlar. Türkiyə millisi də dünya üçüncüsü olduğu 2002-ci ildən bəri ilk dəfə mundialda iştirak edəcək.
Tarixdə ilk dəfə dünya çempionatı eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Meksika bununla da mundiala üçüncü dəfə ev sahibliyi edən ilk ölkə olacaq (daha əvvəl 1970 və 1986-cı illərdə). Kanada isə ilk dəfə mundialın təşkilatçısı olur.
Turnirin oyunları 16 şəhərdə keçiriləcək ki, onlardan da 11-i ABŞ-də, 3-ü Meksikada, 2-si isə Kanadada yerləşir.
Mundial çərçivəsində ümumilikdə 104 qarşılaşma olacaq. Onların 78-i ABŞ-də baş tutacaq. Kanada və Meksika isə hərəyə 13 matça ev sahibliyi edəcəklər. Yarışın keçiriləcəyi stadionlar arasında yalnız biri daha əvvəl dünya çempionatı oyunlarına ev sahibliyi edib. Söhbət Mexikodakı əfsanəvi “Azteka” stadionundan gedir. Maraqlıdır ki, ABŞ-də təşkil edilmiş 1994-cü il dünya çempionatının stadionlarından heç biri bu dəfə istifadə olunmayacaq.
Mundial okeanın o tayında keçirildiyindən oyunların əksəriyyəti Bakı vaxtı ilə gecə və ya səhər saatlarında başlayacaq. Məsələn, Türkiyə millisinin Avstraliya ilə iyunun 14-də keçiriləcək oyunu saat 08:00-da, Paraqvayla iyunun 20-də baş tutacaq görüşü saat 07:00-da, ABŞ ilə iyunun 26-dakı qarşılaşması isə saat 06:00-da start götürəcək. Özbəkistan millisinin Kolumbiya ilə iyunun 18-dəki oyunu saat 06:00-da, Portuqaliya ilə iyunun 23-dəki matçı saat 21:00-da, Konqo DR ilə iyunun 28-dəki görüşü isə saat 03:30-da başlayacaq.
Əvvəlkilərdə olduğu kimi, bu mundialda bir çox yeni rekordlar qeydə alınacaq, əvvəlki nailiyyətlər təzələnəcək. Portuqaliya millisinin lideri Kriştiano Ronaldo altıncı cəhdində dünya çempionu olmaq arzusunu reallaşdırmağa çalışacaq. O, həmçinin altıncı mundialında da qol vurmaqla öz rekordunu daha da inkişaf etdirə bilər. Digər əfsanə Lionel Messi isə Argentina millisinin heyətində dünya çempionatlarındakı oyun sayını artıraraq rekordunu yeniləmək imkanı əldə edəcək: hazırda onun hesabında 26 oyun var.
Oyunçulardan söz
düşmüşkən, Azərbaycan Premyer Liqasını təmsil edən futbolçu ilk dəfə dünya
çempionatında çıxış edə bilər. “Turan Tovuz”un 34 yaşlı müdafiəçisi Roderik
Miller Panama millisinin heyətində yer alıb. Qeyd edək ki, sovet dövründə belə
xoşbəxtlik “Neftçi”nin iki futbolçusu - Anatoli Banişevski və Eduard Markarova
nəsib olub: onlar SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında
iştirak ediblər.
Şanslara gəlincə, dünyanın aparıcı idman statistika və analitika şirkətlərindən biri olan “Opta”nın hesablamalarına görə, İspaniya komandasının çempionluq ehtimalı daha yüksəkdir – 15,98 %. Bu reytinqdə ilk beşlikdə həmçinin Fransa (12,88 %), İngiltərə (10,84 %), Argentina (10,05 %) və Portuqaliya (7,08 %) yer alıb. Onlardan sonra isə Braziliya (6,60 %), Almaniya (5,90 %), Niderland (3,87 %) və Norveç (3,47 %) gəlir.
Türkiyə millisinin çempionluq ehtimalı isə cəmi 1,10 faiz göstərilir. Bununla belə, futbol üzrə araşdırma və analitika mərkəzi “CIES Football Observatory”nin reytinqinə görə, dünyanın hazırda ən bahalı 10 futbolçusu arasında iki türkiyəli oyunçunun - Kenan Yıldız (133 milyon avro) və Arda Gülerin (124,8 milyon avro) də yer alması bu komanda ilə bağlı gələcəyə ümidlə baxmağa əsas verir.
Son illərdə nümayiş etdirdiyi sabit və yüksək səviyyəli oyun İspaniya millisini DÇ-2026-nın əsas favoritlərindən birinə çevirib. Komanda dünya çempionatından əvvəl ən nüfuzlu turnir olan AVRO-2024-ün qalibi olub. İspanlar həmin yarışda Xorvatiya (3:0), İtaliya (1:0), Almaniya, Fransa və İngiltərə (son üç rəqibi eyni hesabla – 2:1) kimi rəqibləri məğlub etməyi bacarıblar.
İspaniya
millisi topa nəzarətə və qısa ötürmələrə əsaslanan oyun üslubu ilə seçilir.
Məhz bu xüsusiyyət onu məğlub edilməsi ən çətin komandalardan birinə çevirib.
Son üç ildə heç bir rəqib rəsmi oyunların əsas və ya əlavə vaxtında İspaniyaya
qalib gələ bilməyib. Komanda bu müddətdə yalnız 2024-cü ildə yoldaşlıq
görüşündə Kolumbiyaya (0:1) və
ötən il UEFA Millətlər Liqasının finalında penaltilər seriyasında Portuqaliya (əsas və əlavə vaxt 2:2, pen. 3:5) uduzub.
Komandanın baş məşqçisi Luis de la Fuenteyə futbolçu kimi əsas millidə oynamaq qismət olmayıb. O, məşqçi kimi İspaniyanın U-19, U-21 və U-23 komandaları ilə uğur qazanaraq 2022-ci ildə əsas milliyə yüksəlib və onunla artıq Avropa çempionu tituluna sahib çıxıb.
İspaniya millisinin əsas üstünlüklərindən biri geniş və yüksək keyfiyyətli heyətidir. Komandanın onurğa sütununu böyük ölçüdə “Barselona”nın futbolçuları təşkil edir. Ardıcıl ikinci mövsüm İspaniya çempionu olan klubun səkkiz təmsilçisi millinin DÇ-2026 üçün heyətində yer alıb. Bunlar ehtiyat qapıçı Joan Qarsia, müdafiəçilər Erik Qarsia və Pau Kubarsi, yarımmüdafiəçilər Qavi və Pedri, hücumçular Ferran Torres, Dani Olmo və ötən il olduğu kimi, bu il də “Qızıl top” mükafatına əsas namizədlərdən biri olan 18 yaşlı Lamin Yamaldır.
Heyətdə İngiltərə çempionu “Arsenal”ın da üç futbolçusu yer alıb. Bunlar qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Zubimendidir. Maraqlıdır ki, İspaniya millisinə bu dəfə “Real Madrid”dən heç kim çağırılmayıb.
Beləliklə, son illərin uğurlu nəticələri, uzunmüddətli məğlubedilməzlik seriyası, Luis de la Fuentenin rəhbərliyi altında formalaşmış sabit komanda modeli və güclü heyət İspaniyanı DÇ-2026-nın əsas favoritlərindən birinə çevirir və onun 2010-cu ildən sonra ikinci dəfə dünya çempionu olmaq ehtimalını artırır.
DÇ-2026-da qrupların tərkibi (komandalar “Opta”nın reytinqinə uyğun
sıralanıblar):
A qrupu:
Meksika, Cənubi Koreya, Çexiya, Cənubi Afrika
B qrupu:
İsveçrə, Kanada, Bosniya və Herseqovina, Qətər
C qrupu:
Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu:
Türkiyə, ABŞ, Paraqvay,
Avstraliya
E qrupu:
Almaniya, Ekvador, Kot d’İvuar, Kürasao
F qrupu:
Niderland, Yaponiya, İsveç, Tunis
G qrupu:
Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu:
İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa,
Norveç, Seneqal, İraq
J qrupu:
Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu:
Portuqaliya, Kolumbiya, Konqo DR, Özbəkistan
L qrupu:
İngiltərə, Xorvatiya, Qana, Panama.
Rasim Mövsümov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat