"Hər hansı bir klubla yeni müqavilə bağlamağım haqqında yayılan məlumatlar düzgün deyil. Bu informasiyaların haradan qaynaqlandığını deyə bilmərəm”. Bu sözləri "Lokomotiv”in sabiq voleybolçusu Aleksandra Samoylova deyib.
27 yaşlı rusiyalı oyunçu "İqtisadçı”ya keçidi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib. O bildirib ki, "dəmiryolçular”la müqaviləsi bitsə də, "universitet komandası” ilə hansısa razılıq əldə etməyib. Samoylovanın sözlərinə görə, gələcək karyerası ilə bağlı hələlik nəsə demək tezdir: "Karyeramı Azərbaycanda davam etdirməyimə gəlincə, hələlik dəqiq heç nə deyə bilmərəm. Voleybol karyerası çox çətindir. Hər şey bir anda dəyişə bilər”.
Ölkəmizdə yalnız "Lokomotiv”də oynayan voleybolçu bu komandadan ayrılmasına da aydınlıq gətirib. O bildirib ki, son 4 mövsümdə şərəfini qoruduğu klubdan ayrı düşsə belə, Bakı təmsilçisini unutmayacaq: "Lokomotiv” mənim üçün bir nömrəli komanda kimi qalacaq. Bu, mənim ailəmdir. Lakin hər adama vaxt keçdikcə dəyişikliklər lazımdır”, - deyə o bildirib.