Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2014/2015-ci illər mövsümünün başlama tarixinə və reqlamentinə aydınlıq gətirilib. Ölkə çempionatına oktyabrın 22-də, fərqli sistemlə start veriləcək. Belə ki, Super Liqa ilk dəfə tək paytaxtı deyil, əyaləti də əhatə edəcək. Yəni, çempionat əvvəlki kimi Bakıda yalnız eyni zalda keçirilməyəcək. Çünki yeni reqlamentə əsasən, komandalar bir-biri ilə eyni meydanda deyil, ev-səfər prinsipi ilə qarşılaşacaqlar. Artıq komandaların öz meydanındakı oyunlarını keçirəcəyi arenalar da müəyyənləşib. Azərbaycan çempionu "Rabitə” "Telekom”la birgə rəqiblərini "Gənclik” Olimpiya Kompleksində qəbul edəcək. "Azəryol”, "Azərreyl” və "Lokomotiv” ev oyunlarını Voleybol Mərkəzində keçirəcək. Super Liqanın bürünc medalçısı "İqtisadçı” isə ev oyunlarını paytaxtdan kənarda keçirəcək. Quba Olimpiya Kompleksi onların ixtiyarında olacaq. Reqlamentə gəlincə, ötənilki qaydalarda dəyişiklik nəzərdə tutulmayıb. Komandalar 3 dövrədən sonra pley-off oynayacaqlar. Çempionatın aprelin sonlarında bitməsi planlaşdırılır.
Qeyd edək ki, yeni çempionatda legioner limiti çoxdan məlum idi. Federasiyanın qərarına əsasən, meydanda 2, ehtiyat oyunçular skamyasında 1 azərbaycanlının olması vacibdir.