“Dəmiryolçular”ın heyəti çexiyalı voleybolçu ilə gücləndirildi

“Dəmiryolçular”ın heyəti çexiyalı voleybolçu ilə gücləndirildi


Ötən mövsümü uğursuz başa vuran "Lokomotiv” növbəti transferini reallaşdırıb. "Dəmiryolçular” bu dəfə çexiyalı voleybolçu Sarka Kubinovanı heyətinə qatıb.
Karyerası ərzində ciddi uğuru olmayan və aparıcı klublarda forma geyinməyən 26 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. "Brno”nun yetirməsi olan və 2010-2012-ci illərdə "Prostejov”in şərəfini qoruyan Kubinovanın ən böyük uğuru isə ölkə çempionuluğudur.
Son mövsümü "Köniz”ində keçirən "Lokomotiv”in yeni transferi İsveçrə kubokunun finalçısı da olub.
Kubinova "Şveriner”in bazasında hazırlıq keçən Bakı təmsilçisinə Almaniyada qoşulub. Onunla yanaşı, komandanın düşərgəsinə daha bir voleybolçu cəlb olunub. Nə qədər qəribə olsa da, baş məşqçi Teon Buijs daha bir toppaylayıcı - İvana Derisilonu yoxlamağa qərar verib. Dünya səviyyəli ulduz Karli Lloyd və Kubinovanın fonunda Serbiya millisinin 31 yaşlı keçmiş oyunçusunun "Lokomotiv”də qalıb-qalmayacağına isə yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, yeni mövsümdə Super Liqada və CEV kubokunda iddialı olmağı planlaşdıran "dəmiryolçular” Lloyd və Kubinova ilə yanaşı, Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya), Anita Havlikova (Çexiya) və Evangeliya Çantavanı (Yunanıstan) da heyətinə qatıb.
Lakin bu voleybolçuların çoxu millilərinin düşərgəsində olduğundan Almaniyada hazırlıqda Russo, Çantava, Havlikova, Kubinova və Derisilo iştirak edirlər.