“Rabitə” Çempionlar Liqasının gümüş mükafatını qazandı

“Rabitə” Çempionlar Liqasının gümüş mükafatını qazandı

Voleybol üzrə Çempionlar Liqası "dördlər finalı”nın oyunlarına yekun vurulub. Əvvəlcə yarışın yarımfinal mərhələsinin görüşləri keçirilib. Türkiyənin İstanbul şəhərində təşkil olunan yarışın birinci oyun günündə Azərbaycanın "Rabitə” komandası ilə İtaliyanın "Yamamay” klubu qarşılaşıblar. Bu mərhələyə qədər heç bir görüşdə məğlubiyyətlə üzləşməyən paytaxt təmsilçisi bu oyundan da qələbə ilə ayrılıb. Qarşılaşmaya təmsilçimiz daha fəal başlayıb. İlk iki hissə komandamızın qələbəsi ilə yekunlaşıb. Çoxları üçüncü hissədə qarşılaşmanın taleyinin həll olunacağını düşünsə də, hər şey tərsinə olub. Belə ki, sonrakı iki hissə Butso Arsizio təmsilçisinin xeyrinə bitib. Qalib gələn komandanın adını müəyyənləşdirmək üçün klublar taybrekdə qüvvələrini sınayıblar. Bu hissədə isə komandamız daha güclü olub. "Rabitəçilər” qalib gələrək finala yüksəliblər. "Rabitə” Çempionlar Liqasının finalına yüksəlməklə yanaşı, həm də özünə məxsus Azərbaycan rekordunu təzələyib. Belə ki, Azərbaycan çempionu 2-dəfə həlledici mərhələyə-finala yüksəlməklə bu rekorda imza atıb. Bu uğura hələ ki Azərbaycan klublarından heç biri nail ola bilməyib.

İkinci oyunda isə iki Türkiyə təmsilçiləri üz-üzə gəliblər. Yarışa ev sahibliyi edən "Qalatasaray” "Vakıfbank”ı sınağa çəkib. "Vakıfbank” ev sahibinə 3:0 hesabı ilə qalib gələrək, həlledici mərhələyə yüksəlib. Beləliklə, "dördlər finalı”nın həlledici mərhələsində "Rabitə” ilə "Vakıfbank” komandası görüşüblər. Bu görüşdə komandamızın hansı nəticəyə nail olacağını qabaqcadan proqnozlaşdırmaq bir qədər çətin idi. Çünki, rəqib kifayət qədər güclü idi. Bundan əlavə, oyunun Türkiyədə keçirilməsi də rəqibə üstünlük verirdi. Amma, komandamız da asan məğlub olmaq fikrində deyildi. "Rabitəçilər” bu oyunda da qalib gəlib, vətənə qızıl medalla dönmək niyyətində idilər. Oyuna gəldikdə isə, qarşılaşmaya komandamız daha fəal başlayıb. Lakin "rabitəçilər” bu üstünlüyü sonadək qoruya bilməyiblər. Türkiyə təmsilçisi getdikcə oyunda üstünlüyü ələ alıb. İlk texniki fasiləyə 4 top fərqi ilə üstün yollanan "Vakıfbank” ikinci texniki fasiləyə də 16:10 hesabı ilə irəlidə çıxıb. Birinci hissədə heç cür üstünlüyü əldən verməyən Covanni Quidettinin yetirmələri qələbə qazanıblar -25:17. İkinci hissənin əvvəlində komandamız öz oyununu nümayiş etdirə bilib. Belə ki, Marçello Abbondanzanın yetirmələri ilk texniki fasiləyə 8:6 hesabı ilə üstün yollanıblar. Lakin komandamızın ikinci hissədə bundan artığına gücü çatmayıb. Üstünlüyü yenidən bərpa edən "Vakıfbank” ikinci hissədə də qələbə qazanıb. Üçüncü hissədə isə komandamızın qələbə qazanmaqdan başqa yolu yox idi. Çünki, "Rabitə” qalib gələcəyi təqdirdə, hissələrin sayını artıra bilərdi. Əks təqdirdə, "rabitəçilər” gümüş medalla kifayətlənməli olacaqdılar. Lakin üçüncü hissə sonuncu olub. Komandamız bu hissədə "xala-xal” prinsipi ilə mübarizə aparsa da, sonda məğlub olub. Bununla da, "Rabitə” gümüş medalla kifayətlənməli olub.
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi və kapitanı oyunla bağlı maraqlı açıqlamalar veriblər.
Marçello Abbondanza ("Rabitə” klubunun baş məşqçisi): "”Vakıfbank” yaxşı oyun nümayiş etdirdi. Mən onların oyunlarına heyran qalmışdı. Bilirsiz, əldə olunan bu nəticə bir ilin işi deyil. Bunun üçün çox vaxt lazımdı. Rəqibimiz müstəsna oyun göstərib qələbə qazandı. Buna görə, onları təbrik edirəm”
Mira Qoluboviç ("Rabitə” klubunun kapitanı): "Qalib gəlmək üçün əlimizdən gələni etdik. Biz çox yaxşı oyun göstərdik, lakin "Vakıfbank” inanılmaz oyun nümayiş etdirdi. Qələbə qazandıqlarına görə rəqibimizi təbrik edirəm”
Gözde Sonsirma ("Vakıfbank” klubunun kapitanı): "Komandamız çox yaxşı oynadı. Biz üstünlüyü oyunun əvvəlindən sonunadək qoruya bildik və qələbə qazandıq”
Covanni Quidetti ("Vakıfbank” klubunun baş məşqçisi): "Yaxşı oyun nümayiş etdirdiyinə görə komandamıza təşəkkürümü bildirirəm. Bu onların növbəti qələbəsidir. Çalşacağıq ki, bundan sonra da uğurlarımız artsın”
Məlumat üçün bildirək ki, çempionluq uğrunda mübarizəyə əvvəlcə 3 komandamız qoşulmuşdu. "Rabitə” ilə bərabər, "Azərreyl” və "Lokomotiv”də qalib olmaq üçün əllərindən gələni əsirgəmədilər. Təəssüf ki, "Azərreyl” və "Lokomotiv” əsas mərhələyə vəsiqə qazana bilmədilər.
Özünün əzmkar mübarizəsi ilə Avropa ikincisi olan "Rabitə” qrup mərhələsində (B qrupu) "Villa Kortese”, "Atom” və "Agel” komandaları ilə qarşılaşmışdı. Ümumiyyətlə, Çempionlar Liqası başlamamışdan əvvəl "rabitəçilər” yeni voleybolçuların keçidini reallaşdıraraq heyətini gücləndirmişdilər. Məqsəd isə Çempionlar Liqasında uğurla çıxış etmək idi.

Klublararası dünya çempionatının ikincisi olan "Rabitə”nin birinci və ikinci dövrədə digər komandalarımıza nisbətən yüksək oyun nümayiş etdirdiyini desək, yanılmarıq. "Rabitə” keçirilən bütün oyunların hamısında qalib gələrək qrup lideri kimi pley-off mərhələsinə yüksəlmişdi. Belə ki, son ölkə çempionu birinci dövrənin ilk turunda Çexiyanın "Agel” klubu ilə qarşılaşdı. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, "Rabitə” üstün oyun nümayiş etdirərək birinci görüşdə aktivinə 3 xal yazdırdı. İkinci turda isə komandamızın rəqibi nisbətən güclü idi. Çünki rəqib "dördlər finalı”nın son iştirakçısı olmuşdu. Buna baxmayaraq, baş məşqçi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu yaxşı bildiyindən Azərbaycan çempionun qələbə qazanacağı inandırıcı görünürdü. Üstəlik qarşılaşmanın Bakıda keçirilməsi də "Rabitə” yə böyük üstünlük verirdi. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə təmsilçilərimiz rəqibin hücumları ilə qarşılaşdı. Onlar ikinci hissədə 3 xal fərqi ilə komandamızı məğlubiyyətə uğratdılar. Bu, italiyalıların son qələbəsi oldu. Ardıcıl olaraq üçüncü və dördüncü hissədə qalib gələn Marçelo Abbondanzanın yetirmələri aktivlərinə növbəti xalları əlavə etdilər. Üçüncü turda isə komandamızın rəqibi "Atom” oldu. Polşada keçirilən qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşdı. Birinci dövrədə inamlı təsir bağışlayan "Rabitə”nin ikinci dövrədə də yüksək oyun nümayiş etdirəcəyinə heç kəs şübhə etmirdi. Çünki italiyalı baş məşqçi Marçello Abbondanza güclü bir komanda formalaşdırmışdı. Birinci dövrədə təşkil olunan 3 oyunda maksimum nəticə göstərən son ölkə çempionu ikinci dövrənin oyunlarına da yüksək əhval-rühiyyə ilə başladı. Dördüncü turda komandamız Polşanın "Atom” komandası ilə qarşılaşdı. "Rabitəçilər” ardıcıl bütün hissələrdə qalib gələrək pley-off mərhələsinə bir qədər də yaxınlaşdılar. Beşinci turda isə komandamız İtaliyanın "Villa Kortese” klubu ilə üz-üzə gəldi -3:1. Qrup mərhələsinin son oyununda "Rabitə” Çexiyanın "Agel” klubunu sınağa çəkdi. Digər oyunlar kimi, bu qarşılaşmada təmsilçimiz üçün asan keçdi. Son oyunda da qalib gələn "Rabitə” mövsümdə yüksək nəticə göstərərək ÇL-də rekorda imza atdı. Bununlada komanda pley-off mərhələsinə yüksəldi.
Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan "Rabitə”nin də bu mərhələdə rəqibi kifayət qədər güclü idi. "Rabitəçilər” növbəti mərhələyə yüksəlmək üçün mütləq Fransa çempionu "Kann”ı məğlubiyyətə uğratmalı idilər. Bu komandalar arasında təşkil olunan birinci hissəyə təmsilçimiz qələbə qazandı. Belə ki, həmin oyunda ilk hissəyə yaxşı başlayan voleybolçularımız fasiləyə 25:17 hesabı ilə üstün yollandı. İkinci hissədə meydan sahibləri qalib gəldilər- 25:15. Daha sonra "Rabitə” ardıcıl olaraq hər iki hissədə yaxşı oyun nümayiş etdirərək rəqibini məğlub etdi -3:1.

Cavab oyununda da "Rabitə” rəqibindən üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazandı. Onlar bu nəticəyə rəqiblərinə hər üç hissədə qalib gələrək nail oldular. Növbəti mərhələdə də komandalarımız üçün çətin olacağı hamı tərəfindən gözlənilirdi. Çünki "dördlər finalı” yaxınlaşdıqca zəif komandalar sıradan çıxırdılar. Buna görə, güclü komandalar arasında rəqabət getdikcə artırdı. II pley-off mərhələsində "Rabitə” Kazan "Dinamo”sunun rəqibi oldu. "Rabitəçilər” birinci görüşü səfərdə keçirdilər. Kazan "Dinamo”su ilə keçirilən ilk oyun qarşılıqlı hücumlar şəraitində başladı. Bu da başa düşülən idi. Çünki meydan sahibi "Dinamo” qələbə qazanıb səfər oyununa yüksək əhval-ruhiyyə ilə yollanmaq əzmində idi. Təmsilçilərimiz isə oyunun taleyini "qızıl set”ə saxlamaq istəmirdilər. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, voleybolçularımız qələbə qazandılar. İtaliyada əldə etdiyi qələbədən sonra "Rabitə”nin doğma meydanda təşkil olunacaq görüşdə də azarkeşlərini sevindirəcəyi gözlənilən idi. Birinci hissədə "rabitəçilər” qələbə qazandılar. İkinci hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komandamız qələbəyə sevindi. Növbəti hissədə isə təmsilçilərimiz 6 top fərqi ilə məğlub oldular. Dördüncü hissədə qalib gələn "Rabitə”, "dördlər final”ına vəsiqə qazandı.

Komandamızın qrup
mərhələsində keçirdiyi oyunlar

B qrupu

I tur
"Agel” (Çexiya) - "Rabitə” (Azərbaycan) - 0:3 (21:25; 23:25; 13:25)

II tur

"Rabitə” (Azərbaycan) - "Villa Kortese” (İtaliya) - 3:1 (25:15, 22:25, 25:21, 25:22)

III tur

"Atom” (Polşa) - "Rabitə” (Azərbaycan) - 0:3 (19:25, 22:25, 25:27)

IV tur

"Rabitə” (Azərbaycan) - "Atom” (Polşa) - 3:1 (25:11, 23:25, 27:25, 25:21)

V tur
"Villa Kortese” (İtaliya) - "Rabitə” (Azərbaycan) - 1:3 (20:25, 13:25, 25:15, 20:25)

VI tur
"Rabitə” (Azərbaycan) - "Agel” (Çexiya) - 3:0 (25:17, 25:23, 25:15)

                             O    Q    H    SF       TF          X
1. Rabitə               6     6    0    18-3    514-421    18
2. Villa Kortese     5      3    2    11-8   430-416      9
3. Atom                 5      2    3    8-9     388-386      6
4. Agel                  6      0    6    1-18   365-474      0


I pley-off mərhələsi

Birinci oyun

"Kann” (Fransa) - "Rabitə” (Azərbaycan) - 1:3 (17:25, 25:15, 19:25, 19:25 )

Cavab oyunu

"Rabitə” (Azərbaycan) - "Kann” (Fransa) - 3:0 (25:19 25:18; 25:17)

II pley-off mərhələsi

Birinci oyun

"Dinamo” (Kazan, Rusiya) - "Rabitə” (Azərbaycan) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)

Cavab oyunu

"Rabitə” (Azərbaycan) - "Dinamo” (Kazan, Rusiya) - 3:1 (25:18, 25:14, 19:25, 25:20)

"Dördlər finalı”, İstanbul

9 mart

1/2 final

"Rabitə” (Azərbaycan) - "Yamamay” (İtaliya) - 3:2 (25:14, 25:16, 27:29, 19:25, 15:6)

"Qalatasaray” (Türkiyə) - "Vakıfbank” (Türkiyə) - 0:3 (26:28, 17:25, 21:25)


10 mart
III yer uğrunda

"Qalatasaray” - "Yamamay” - 2:3 (21:25, 15:25, 25:23, 25:22, 11:15)

Final
"Rabitə” - "Vakıfbank” - 0:3 (17:25, 20:25, 23:25)