Voleybol üzrə dünya çempionlarına verilən kuboklar oğurlanıb.
Hadisə 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Rio-de Janeyroda baş verib. Qarətçilər həm kişi, həm də qadın komandaları arasında keçirilən mundialın əsas mükafatlarına "sahib” çıxıblar.
Oğurlanan hər 2 kubok voleybolun populyarlaşmasına xidmət edən reklam aksiyası çərçivəsində məşhur Kopakabana çimərliyində nümayiş olunurmuş.
Oğrular mükafatları onları daşıyan maşından ələ keçiriblər. Lakin qarətçilər kubokdan qazanc əldə edə bilməyəcəklər. Çünki onların heç bir qiyməti yoxdur. Bu da kubokların hazırlanması zamanı qiymətli materiallardan istifadə olunmaması ilə bağlıdır.
Dünya çempionuna verilən kubokların oğurlanması qarşıdakı çempionatlara mane olmayacaq.
FİVB kişilərin avqustda, qadınların sentyabrda start götürəcək dünya çempionatına qədər problemi həll edəcək.
Qaliblər üçün nəzərdə tutulan mükafatlar 2 gün əvvəl Braziliyada oğurlansa da, artıq onların yeniləri hazırlanmaqdadır. Bunu qurumun prezidenti Ari Qrasa açıqlayıb.
O bildirib ki, dünya çempionuna veriləcək kuboklar sığortalandığından oğurluq ciddi problemlər yaratmayacaq: "Artıq mən özüm şəxsən oğurlanan kuboklarımızı düzəldən heykəltəraşla söhbət etmişəm. O, İsveçrədə yaşayır və yeni kuboklar hazırlamağa başlayıb”.
Qeyd edək ki, yeni hazırlanacaq kuboklara Azərbaycan millisi də iddia edəcək. Qadınlardan ibarət yığmamız İtaliyada təşkil olunacaq çempionatda gücünü yoxlayacaq.
Məlumat üçün qeyd edək ki, 1970-ci ildə üçüncü çempionluğunu qazandığı üçün əbədi olaraq Braziliyaya verilən futbol üzrə "Qızıl İlahə” də 1983-cü ildə oğurlanıb və indiyədək tapılmayıb.