Voleybolçularımız Serbiyada keçirilən kontinental kubokun ikinci etapinda birinci yerə sahib çıxıblar.
Xatırladaq ki, Belqradda keçirilən yarışda ölkəmizi kişi və qadınlardan ibarət idmançılarımız təmsil ediblər. Xanımların mübarizəsində voleybolçularımız hamıdan güclü olublar. Yuliya Kərimova - Rakel Qonzales Fereyra meydan sahibləri Nina Skariç - Aleksandra Frajtoviç və Zinaida Lyubimova - Vivian Kunya cütü digər serb nümayəndəsi Milena Matiç - İsidora Yeqiçi üstələyərək turnirin qalibi adını qazanıblar. Yarışda həmçinin Albaniya və Estoniya təmsilçiləri də iştirak ediblər.
Leonid Gritsai - Bernardo Wermelinger Romano və Artem Fedorov - Meilton Moises Santos Mercesdən ibarət duetlərimiz isə turnirin finala kimi irəliləyə biliblər. Həlledici görüşdə hər iki cütlüyümüz bolqar rəqiblərinə məğlub olaraq ikinciliklə kifayətlənməli olublar. Reqlamentə əsasən oyunlar "milli milliyə qarşı” prinsipi ilə keçirildiyindən ikili final baş tutub. Kişilərin Belqraddakı mübarizəsində Albaniya və Litva komandaları da çıxış ediblər.
Bununla da həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız kontinental kubokun üçüncü mərhələsinə vəsiqə əldə ediblər.