Yeni mövsümə hazırlaşan "Azəryol” növbəti transferini reallaşdırıb. Ötən mövsümü gümüş medalla bitirən Bakı klubu bu dəfə Kanada millisinin hücumçusu Tabita Lavı heyətinə cəlb edib.
Polşanın "Lodz” klubundan transfer olunan 23 yaşlı voleybolçu ilə 2 illik müqavilə imzalanıb. Daha əvvəl ABŞ-ın "Minnesota Universiteti” (2009-2011) və "Kaliforniya Universiteti” (2011-2012) klublarının formasını geyinən Lav Puerto-Rikada da legioner həyatı yaşayıb. O, 2012/2013-cü illər mövsümündə "Kriollas de Kaquas” klubunun heyətində mübarizə aparıb. Lavın yeganə uğuru isə 2011-ci ilə təsadüf edib. O, komandası ilə birlikdə Amerika qitəsinin universitetlərarası turnirinin qalibi olub.
Qeyd edək ki, "Azəryol” daha öncə yığma oyunçularımızdan Oksana Parxomenko, Odina Əliyeva, Ceyran Əliyeva, Anastasiya Qurbanova, həmçinin serbiyalılar Yovana Brakoçeviçlə Yelena Nikoliç, bolqarıstanlılar Straşmira Filipovayla Lora Kitipova və braziliyalı Andressa Pikussa ilə müqavilə bağlayıb.