Voleybolçularımız mövqelərini qoruyublar

Voleybolçularımız mövqelərini qoruyublar


Beynəlxalq Voleybol Federasiyası qadın komandaların yeni reytinq siyahısını açıqlayıb. Təxminən 10 aylıq müddətdən sonra tərtib olunan siyahıda Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb.
Belə ki, dünya Qran-prisinin yekunlarına əsasən açıqlanan cədvəldə Faiq Qarayevin yetirmələri yenə 37-ci pillədədirlər. Komandamız yalnız Avro-2013-də oynamaqla (15-ci yer), aktivinə 2 xal əlavə edib və reytinq xalını 17-yə çatdırıb. Sentyabrın 23-də start götürəcək dünya çempionatındakı rəqiblərimizdən ən böyük yüksəlişə Belçika millisi imza atıb. Avropa çempionatının bürünc mükafatçıları 5 pillə irəliləyiblər. Aktivində 57 xalı olan belçikalılar Əlcəzairlə 17-18-ci yerlərdə qərarlaşıblar. Rəqiblərimizdən Puerto-Rika da 1 pillə irəliləyib. Onlar siyahıda 16-cı yerdə qərarlaşıblar (61 xal). Digər rəqiblərimizə gəlincə, Yaponiya və Çin millimiz kimi mövqelərini qoruyub. Asiyalılar, müvafiq olaraq, 3-cü (301 xal) və 5-ci (222 xal) pillədədirlər. Onlardan fərqli, Kuba yığması reytinq sıralamasında geriləyib. Komanda 1 pillə aşağı düşməklə, 22-ci yerdə qərarlaşıb (50 xal).
Qeyd edək ki, ilk "üçlük” dəyişməz qalıb. Qran-prinin qalibi olan Braziliya 320 xalla yenə cədvələ başçılıq edir. İkinci yerdə isə 315 xalla ABŞ millisi qərarlaşıb.