Qadın voleybolçulardan ibarət Azərbaycan millisini dünya çempionatının oyunlarına baş məşqçi Faiq Qarayev çıxarmayacaq. Təcrübəli mütəxəssis sentyabrın 23-də İtaliyada start götürəcək mundialda tapşırıqlarını kənardan verəcək. Dünya çempionatında meydanda millimizin "sükanı arxası”nda Qarayev deyil, köməkçisi Aleksandr Çervyakov yer alacaq. O, Avropa Liqasında və Avropa çempionatında olduğu kimi meydanda əsas çalışdırıcı funksiyasını yerinə yetirəcək. Çervyakova Vüqar Əliyevlə Famil Ağayev köməklik edəcəklər.
Yeri gəlmişkən, Çervyakov "Azərreyl”də də Qarayevin əvəzləyicisi olub.
Qeyd edək ki, hazırda Bakıda təlim-məşq toplanışında olan komandamız dünya çempionatına hazırlıqları Bolqarıstanda yekunlaşdıraraq, buradan birbaşa İtaliyaya yollanacaq.