Dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Faiq Qarayev ilkin heyətə 19 oyunçunun adını daxil edib. Təcrübəli mütəxəssis sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək mundial üçün bir debütant sifariş edib. Bu, Leyla Parşkovadır. 16 yaşlı libero "Azərreyl” klubunun üzvüdür.
Natalya Məmmədovanın adı isə heç "19-luğ”a daxil edilməyib. Böyük perspektiv vəd edən, lakin sonradan ümidləri doğrultmayan Aleksandra Prupas da mundialı kənardan izləyəcək.
Hazırda Bakıda təlim-məşq toplanışında olan millimizin yekun heyətinin isə yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir. Bu, çox güman ki, hazırlıqların son mərhələsi üçün Bolqarıstana yollanacaq komandamızın paytaxtda "Uraloçka” ilə oyunlarından sonra bilinəcək. Çünki yığmamız İtaliyaya məhz Balkan ölkəsindən gedəcək.
Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə D qrupunda yer alıb.