"Mən Bakıda olmağımdan çox şadam. Dünyanın ən güclü voleybol klublarından birinin heyətindəyəm. Bu komanda məndə xoş təəssüratlar yaradır”. Bu sözləri "Lokomotiv” klubunun voleybolçusu Evangeliya Çantava deyib. Yunanıstan millisinin hücumçusu yeni transfer olunduğu Bakı klubu haqqında bu sözləri deyib. Hətta "dəmiryolçular”ı dünyanın ən güclüləri sırasında görən Çantava Super-liqada və CEV kubokunda iddialı olacaqlarını açıqlayıb: "Yeni komandamda hamı mənə dəstək olur. Buna görə də heç bir çətinlik çəkmirəm. Məşqlər çox güclü keçir. Məqsədim əsas heyətdə yer almaqdır. Yığmalarının düşərgəsində olan yeni oyunçularımız komandaya qoşulduqdan sonra Azərbaycan çempionatı və CEV kubokundakı hədəflərimizə doğru inamla irəliləyəcəyik”. Çantava Yunanıstan mətbuatına bildirib ki, Azərbaycan paytaxtı barədə yalnız xoş sözlər deyə bilər: "Bakı ilk andan mənə çox yaxşı təsir bağışladı. Çox gözəl şəhərdir. İnsanlar çox mehribandır”.