Qadın voleybolçular arasında dünya çempionatında Azərbaycan millisinin rəqibi olan Belçika millisi yoxlama matçı keçirib. Avropa çempionatının bürünc mükafatçısı Almaniyada yerli yığma ilə üz-üzə gəlib. Hər 2 komanda bu oyunda əsas heyəti sınaqdan keçirib. Qarşılaşmaya gəlincə isə Almaniya yığması rəqibimizə heç bir şans verməyib - 3:0 (25:19, 25:21, 25:11). Matçın startı isə ötən mövsümü "Azəryol”da keçirən Marqareta Kozux üçün əlamətdar olub. Almaniya millisinin kapitanı ölkəsinin voleybol yazarları arasında keçirilən sorğunun nəticəsinə əsasən ardıcıl 5-ci dəfə qazandığı ilin oyunçusu mükafatına təxminən 9 ay sonra qovuşub. Qeyd edək ki, Kozux "Azəryol”la Super-liqanın gümüş medalını qazanıb.