Yeni mövsüm üçün hazırlıqlarını Bakıda davam etdirən "Lokomotiv” heyətinə daha bir voleybolçu cəlb edib. "Dəmiryolçular” Azərbaycan yığmasının hücumçusu Ülkər Kərimova ilə razılığa gəlib. Libero mövqeyini ön xəttə dəyişən 20 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlayıb. 178 sm boya malik Kərimova millinin heyətində Sloveniya və Bolqarıstandakı təlim-məşqlərdən sonra Bakıya qayıdaraq, artıq Teunis Buijsin rəhbərliyi altında hazırlıqlara başlayıb.
Qeyd edək ki, "Lokomotiv”in bununla da yeni transferlərinin sayı 13-ə çatıb. Bakı təmsilçisi Ülkərə qədər millimizin iki üzvü - Oksana Kiselyova və Ayşən Abduləzimova ilə müqavilə bağlayıb. Komandamızın oyunçuları ilə bərabər "dəmiryolçular” Valeriya Rosso, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), İvana Dersilio (Serbiya), Lisa Tomseni (Almaniya) də heyətinə cəlb etmişdi. Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya), Aneta Havlikova, Sarka Kubinova (hər ikisi Çexiya) və Evangeliya Çantavanı (Yunanıstan) da yeni mövsümdən etibarən "Lokomotiv” klubunun uğurları üçün mübarizə aparacaq.