Millimiz dünya çempionatında çıxışını davam etdirir

Millimiz dünya çempionatında çıxışını davam etdirir

Qadın voleybolçular arasında dünya çempionatına start verilib. 24 komandanın mübarizə apardığı çempionatda Azərbaycan millisi də qüvvəsini sınayır. Məlumat üçün bildirək ki, komandamız çempionata güclü hazırlaşıb. Belə ki, millimiz bir neçə ölkədə təlim-məşq toplanışında olub. Voleybolçularımız çempionata bir neçə gün qalmış İtaliya millisi ilə iki oyun keçirib. Dünya çempionatının ev sahibləri hər 2 görüşü 3:0 hesabı ilə xeyrinə bitirib. Bundan başqa komandamız Bolqarıstanda da təlim-məşq toplanışında olub. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi burada bir neçə yoxlama oyununda qüvvəsini sınayıb. Faiq Qarayevin yetirmələri ev sahiblərinin yığması ilə üz-üzə gəlib.

Matçda qalib müəyyənləşməyib. Belə ki, komandamız hissələr arasında fərqi bərabərləşdirdikdən sonra görüş yekunlaşıb - 2:2 (14:25, 25:23, 22:25, 25:17). Yığmamızın üzvü Polina Rəhimova qarşılaşmada ən çox fərqlənən voleybolçu olub. Bolqarıstan yığmasının heyətində isə Emilya Nikolova məhsuldarlığı ilə yadda qalıb. O, 18 dəfə fərqlənə bilib. Bundan başqa yığmamız Rusiyanın "Uraloçka” komandası ilə bir neçə sınaq oyunları keçirib. Dünya çempionatına hazırlaşan millimiz 5-ci görüşdə 4-cü qələbələrini qazanmışdılar. Voleybolçularımız rəqiblərini yalnız tay-brekdə üstələmişdilər - 3:2. Komandamız əvvəlki matçlarda 3:0, 3:0 və 3:1 hesabı ilə qalib gəldiyi halda, bir dəfə 1:3 hesabı ilə məğlub olmuşdu. İtaliyada təşkil olunan yarışa gəlikdə isə komandamız birinci oyununu Yaponiya yığmasına qarşı keçirib. D qrupunda yer alan Aleksandr Çervyakovun yetirmələrinin qələbə qazanması heç də asan olmayıb. Zədə səbəbindən İtaliyada tam heyətlə oynaya bilməyən komandamız əsasən gənclərin köməyindən istifadə edib ki, bu da ilk görüşdə öz bəhrəsini verib.

İlk hissədə 3 qat dünya çempionlarına məğlub olan voleybolçularımız 2-ci hissədə qələbə qazanıblar. 3-cü hissədən də məğlub ayrılan komandamız növbəti hissədə qələbə qazanmağı bacarıb. Hissələr arasındakı fərq bərabərləşdiyindən komandalar qalibi müəyyənləşdirmək üçün tay-brekdə qüvvələrini sınayıblar. Bu hissədə daha yaxşı oynayan yığmamız asiyalıları 15:9 hesabı ilə üstələyiblər. Beləliklə, millimiz çempionata qələbə ilə başlayıb.
Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılmaşma ilə bağlı fikirlərini bildirib.


Aleksandr Çervyakov (Azərbaycan millisinin baş məşqçisi əvəzi):
"Biz bu görüşdə çox səy göstərib, qələbə qazandıq. Həm də turnirin favorit komandalarından birini məğlub etməyi bacardıq. Bu qalibiyyət hər kəsi həm təəccübləndirdi, həm də heyrətləndirdi. Mən həqiqətən Yaponiya kimi güclü komandanı məğlub etməyimizə görə çox şad oldum”.
Masayaşi Manabe (Yaponiya yığmasının baş məşqçisi):
"Biz belə nəticə göstərdiyimizə görə çox təəssüf edirəm. Görüşdə diqqətli olmaq və balansı tutmaq lazım idi. Lakin bu alınmadı. Sabah növbəti oyuna başlayacağıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mən Azərbaycan yığmasını qələbə qazanmaları münasibəti ilə təbrik edirəm”
Qrupumuzda yer alan digər komandaların oyununa gəldikdə isə Çin yığması Puerto-Riko komandasını sınağa çəkib. Oyun asiyalıların asan qələbəsi ilə yekunlaşıb. "Rabitə”nin voleybolçusu Aurea Kruzun da şərəfini qoruduğu Puerto-Riko rəqibinə yalnız ilk hissədə ciddi müqavimət göstərə bilib. Çinlilər son 2 hissədə isə asan qələbə qazanaraq, çempionata 3 xalla başlayıblar. I turun son qarşılaşmasında Kuba millisi Belçika yığması ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi rəqibinə heç bir şans verməyib - 3:0.
Millimizin 3 qat dünya çempionları Yaponiya yığması üzərində qələbə qazandığı gün daha 11 görüş keçirilib. Belə ki, Türkiyə millisi Serbiya ilə qarşılaşıb. Görüşdə "ay-ulduzlular” məğlub olub - 3:1.
Çempionatında II turunda isə komandamız bu dəfə digər Asiya təmsilçisi - Çin millisi ilə üz-üzə gəlib. Görüşün birinci hissəsi qarşılıqlı hücumlar şəraitində başlasa da, hesab 4:4 olduqdan sonra rəqib təşəbbüsə yiyələnib. Bu üstünlük isə sona kimi davam edib.
Yaponlardan fərqli olaraq, 2 dəfə dünya çempionu olan çinlilər ilk hissəni12 top fərqi ilə irəlidə bitiriblər. Bu məğlubiyyətdən sonra baş məşqçisi əvəzi Aleksandr Çervyakov bir sıra taktiki gedişlər edib. Lakin voleybolçularımız düşdükləri çətin vəziyyətdən çıxa bilməyiblər. Əksinə, ilk turda Puerto-Rikoya heç bir şans verməyən (3:0) rəqib daha inamlı təsir bağışlayaraq, növbəti 2 hissəni də asanlıqla qazanıb - 3:0. Beləliklə, bir hissədə 17-dən artıq xal toplaya bilməyən komandamız II turda xal qazana bilməyib.
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini bildiriblər.

Aleksandr Çervyakov (Azərbaycan millisinin baş məşqçisi əvəzi):
"Bu oyun bizim üçün çox çətin oldu. Çünki bir gün öncə Yaponiyaya qarşı 5 setlik gərgin matç keçirdiyimizdən, yorğun idik. Fikrimcə, əsas səbəb budur. Çin millisi də güclü rəqibdir və onlar daha hündürboy olduqları üçün blokla yanaşı, "ikinci mərtəbədə” də inamlı təsir bağışladılar”.

Lanq Pinq (Çin millisinin baş məşqçisi):
"Azərbaycan dünya çempionatına yaxşı oyunla start verərək, sürpriz etdi. Bu gün isə biz yaxşı oyun göstərdik. Rəqibin heyətində maraqlı hücumçular və blokçular var. Azərbaycan yığmasının heyətində 17 nömrəli (Polina Rəhimova) oyunçunu xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, qrupumuz normaldı. Komandamız gənc olduğundan bir qədər təcrübəyə də ehtiyacımız var. Amma hər oyuna yaxşı nəticə üçün çıxacağıq”.
III turda isə komandamız Puerto-Riko millsini sınağa çəkib. Matçda qələbə komandamız üçün çox vacib idi. Çünki voleybolçularımız məğlub olacaqları təqdirdə işini çətinə sala bilərdi.
Komandamız üzərinə düşən işi yerinə yetirib. Belə ki, voleybolçularımız birinci hissədə 5 top fərqi ilə qalib gəliblər. İkinci və üçüncü hissədə isə Puerto-Riko təmsilçiləri qələbə qazanıblar. Lakin yığmamız dördüncü hissədə rəqibini məğlub etməklə tay-brekdə qüvvəsini sınamaq imkanı qazanıb. Bu hissədə isə rəqibindən daha üstün oyun nümayiş etdirən komandamız 3:2 hesabı ilə qalib gəlib.

23 sentyabr
Bari
D qrupu
Yaponiya - Azərbaycan - 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)
Kuba - Belçika - 0:3 (15:25, 12:25, 16:25)
Çin - Puerto-Riko - 3:0 (25:23, 25:18, 25:20)

24 sentyabr
II tur
Çin - Azərbaycan - 3:0 (25:13, 25:16, 25:17)

25 sentyabr
III tur
Puerto-Riko - Azərbaycan - 2:3 (20:25; 26:24; 24:26, 25:16; 15:17)