“Rabitə” Çempionlar Liqasında yenidən mübarizəyə başlayır

“Rabitə” Çempionlar Liqasında yenidən mübarizəyə başlayır


"Rabitə” Çempionlar Liqasında növbəti sınaq üçün ilkin heyətini açıqlayıb. Yeni mövsümdən Dejan Brdjoviçin baş məşqçilik edəcəyi Azərbaycan çempionu hələlik 10 voleybolçunun adını sifariş edib.
Bunlar arasında yeni oyunçular da nömrələrini tanıyıblar. Brdjoviçin köməkçisi vəzifəsini isə Vasif Talıbov yerinə yetirəcək. Yeni mövsümdən etibarən Yelizaveta Səmədova, Nataşa Krsmanoviç, Tori Dikson, Olina Həsənova, Nutsara Tomkom "rabitəçilərə” kömək edəcək. Kristina Yaqubova, Foluke Akenradevo, Katarjina Skovronska, Dora Horvat, Heyli Yakobda komandasının uğurları üçün çalışacaq. 
Məlumat üçün bildirək ki, "Rabitə” ötən mövsüm Çempionlar Liqasında "Dördlər finalı”na vəsiqə qazanmışdı. Bakıda keçirilən yarışın yarımfinal mərhələsində Eldar Yusubovun komandası Rusiyanın "Dinamo” klubunu sınağa çəkdi. 2 dəfə finala yüksələn və hər dəfə "Vakıfbank”a məğlub olan "Rabitə” bu dəfə həlledici mərhələyə yüksələ bilmədi. Düzdür, komandamız oyuna yaxşı başladı. Voleybolçularımız hətta birinci hissənin əvvəlində 3 top irəlidə oldular. Lakin blokda və müdafiədə inamlı təsir bağışlayan "Dinamo” tezliklə toplar arasındakı fərqi bərabərləşdirdi və texniki fasiləyə 1 top irəlidə çıxdı. Sonra "Rabitə” oyunda müəyyən səhvləri ilə yadda qaldı. Bundan məharətlə istifadə edən ruslar yekunda hissəni 10 top irəlidə bitirdilər. İkinci hissədə isə komandalar xala-xal prinsipi ilə mübarizə apardılar. Lakin hissənin sonda sevinən tərəfi yenə "Dinamo” oldu. Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəldi. Çoxları bu hissədə "rabitəçilər”in qalib gələcəyini düşünsə də, hər şey əksinə oldu. "Rabitə”nin bütün səylərinə baxmayaraq, oyunda dönüş yaranmadı. Blokda, hücumda və müdafiədə əla oyun nümayiş etdirən Kazan təmsilçisi 3:0 hesabı ilə qalib gəldi.
Beləliklə, "rabitəçilər” finala yüksələ bilmədi. Onların qızıl medallar qazanmaq niyyəti bu dəfə də reallaşmadı. Yarımfinalda Kazan "Dinamo”suna məğlub olan Eldar Yusubovun yetirmələri üçüncü yer uğrunda "Vakıfbank”la bacarmayan "Əczaçıbaşı” ilə qarşılaşdılar. Oyun komandamız üçün uğurlu oldu. Rəqibinə heç bir şans verməyən "Rabitə” birinci hissəni 4 top öndə bitirdi. Komandamız ikinci hissədə daha baxımlı oyun nümayiş etdirdi. Kazan "Dinamo”su ilə görüşdə zəif təsir bağışlayan "Rabitə” "Əczaçıbaşı”nı çətin vəziyyətə saldı. Bunun nəticəsində voleybolçularımız 3 top fərqi ilə qalib gəldilər. Üçüncü hissə bir qədər gərgin alındı. Bakıya çempionluq arzusu ilə gələn "Əczaçıbaşı” oyunda dönüş yaratmaq üçün bütün gücünü ortaya qoydu. Onlar hətta setin gedişində bir neçə dəfə irəli də çıxdılar. Lakin yekunda "Rabitə” rəqibindən üstün oyun nümayiş etdirdi. Beləliklə, "Əczaçıbaşı”ya 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi iştirak etdiyi 3-cü "Dördlər finalı”nı da medalla bitirdi. Sadəcə, əvvəlki 2 yarışda gümüş medal qazanan "Rabitə”bu dəfə 3-cü yerlə kifayətləndi.