"Azərreyl”in sabiq voleybolçusu Sara Anzanello İtaliyada keçirilən dünya çempionatı ilə bağlı proqnozlarını açıqlayıb. 2012/2013-cü illər mövsümündə Bakı klubunda çıxış edərkən qaraciyərini dəyişdirmək məcburiyyətində qalan və həmin vaxtdan karyerasını bitirən oyunçu Azərbaycan millisini qalib komandalar arasında görmür.
34 yaşlı oyunçu İtaliya millisinin çempionatın finalında oynayacağını tam əminliklə söyləyib. Anzanellonun proqnozuna görə, sabiq komandasının rəqibi ya Braziliya, ya da Rusiya olacaq: "Braziliya millisi əla oyun nümayiş etdirir. Ruslar isə titullarını qorumaq arzusundadırlar. Türkiyə də yaxşı komandadır. Həmçinin, Almaniyanı da unutmaq olmaz. Onlardan hərdən çox güclü sıçrayışlar gözləməyə dəyər. Kubanın isə "gücü” bəllidir. Onların əvvəlki oyunundan əsər-əlamət belə yoxdur. Ürəyimin dərinliyində İtaliyanın çempion olacağını duyuram. Komandamız finalda ya Rusiyanı, ya da Braziliyanı məğlub edəcək”.