"Rabitə” Türkiyədəki təlim-məşq toplanışını bitirib. Yeni mövsümə hazırlıqlarını davam etdirən Azərbaycan çempionu qonşu ölkədə 3 matçda nəyə qadir olduğunu nümayiş etdirib. Səfərə əsas heyət oyunçuları - dünya çempionları Foluke Akinradevo, Tori Dikson, həmçinin Aurea Kruz, Françeska Ferretti və Brenda Kastilyosuz yollanan Bakı təmsilçisi bu qarşılaşmalarda cəmi 1 qələbə qazanıb.
Belə ki, Dejan Brdjoviçin yetirmələri "Vakıfbank”a hər 2 görüşdə məğlub olublar. Öncə 0:4 hesabı ilə məğlub olan komandamız növbəti oyunda da rəqiblə bacarmayıb - 1:3 (21:25; 13:25; 32:30; 27:29).
Buna baxmayaraq, "Rabitə” "Beşiktaş”a gücünü göstərib. Təmsilçimiz "qara qartallar”ı 3:0 (26-24; 25-19; 25-23) hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Rabitə” bu həftədən məşqlərə tam heyətlə çıxacaq.