"Yeni mövsümdə çox iddialı olmaq arzusundayıq. Lakin Çempionlar Liqasında qrupumuza nəzər saldıqda, çox güclü rəqiblərlə düşdüyümüzü görmək olar”. Bu sözləri Çexiyanın "Agel” klubunun voleybolçusu Culi Kovarova deyib. 27 yaşlı libero noyabrın 11-də start götürəcək Çempionlar Liqası ilə bağlı fikirlərini açıqlayıb. Öz ölkəsinin çempionu olan voleybolçu, daxili yarışlarla müqayisədə, avrokubokda çətinliklə üzləşəcəklərini bildirib. Onun sözlərinə görə, mübarizə aparacaqları A qrupunda "Rabitə” və Kazan "Dinamo”su aşkar favoritlərdir: "Bu 2 komanda nəinki Avropanın, dünya voleybolunun hegomonları hesab olunurlar. Polşa çempionu "Ximik”in də heyətində çox səviyyəli voleybolçular cəmləşib. İstənilən komanda üçün bu klublarla mübarizə aparmaq çətin olacaq”.
Qeyd edək ki, "Agel” "Rabitə”ni dekabrın 12-də qəbul edəcək.