Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi paytaxtımızda keçiriləcək. Bu yarışın ölkəmizdə təşkil olunması ilə Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti nailiyyətinə imza atıb. Belə ki, AVRO-2017-nin həlledici oyunlarına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edəcək. Bu qərar Avropa Voleybol Konfederasiyasının Antalyada keçirilən konqresində qəbul edilib.
Yarışın böyük hissəsinə ölkəmiz sahiblik edəcək. Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları keçiriləcək. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları paytaxtımızda təşkil olunacaq. Konqresdə çıxış edən Azərbaycan Voleybol FederasiyasınınI vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verərək bildirib ki, ən əsası Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev namizədliyimizi dəstəkləyib: "Ölkə rəhbəri Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir. Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdır”. Konqresdə səsvermə zamanı iştirakçıların əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.
Qeyd edək ki, indiyədək ölkəmizdə komanda idman növlərində böyüklər arasında Avropa və dünya çempionatı keçirilməyib.