“Çempionlar Liqasında sürpriz edə bilərik”

“Çempionlar Liqasında sürpriz edə bilərik”


Qadın voleybolçular arasında Polşa Orlen Liqasında II turun təxirə salınmış oyunu keçirilib. Çempionlar Liqasında "Rabitə”nin rəqibi olan "Ximik” "İmpel” komandasını qəbul edib. Doğma meydanda keçirilən qarşılaşmada Polşa çempionu asan qələbə qazanıb - 3:0 (25:17; 25:17; 25:23). Bu qələbə "Ximik”i turnir cədvəlində II pilləyə yüksəldib. Aktivində 14 xalı olan rəqibimiz lider "Mujinyanka”dan 1 xal geri qalır.
Qeyd edək ki, "Ximik” Çempionlar Liqasının ilk turunda məhz Azərbaycan çempionunu qəbul edəcək. Görüş noyabrın 12-də olacaq. "Ximik” klubunun baş məşqçisi Cüzeppe Kuçarini bu görüşlə bağlı fikirlərini açıqlayıb: "Ölkə çempionatında oynadığımız 4 qarşılaşmanın hamısında qələbə qazanmışıq. Bu qələbələr komandada yaxşı atmosfer yaratmağa kömək edib. Günbəgün fiziki hazırlığımızı yaxşılaşdırırıq. Ümid edirəm ki, noyabrın 12-də "Rabitə” ilə birinci matçımıza hazır olacağıq. Kazan "Dinamo”su Çempionlar Liqasının son qalibidir. Qrupumuz, həqiqətən, çox çətindir. Bizim üçüncü rəqibimiz "Agel” də gənc və təhlükəli komandadır. Biz ən yaxşı oyunumuzu göstərəcəyik ki, mövsümü uğurla bitirək. Hər oyuna qələbə üçün çıxacağıq. Yaxşı nəticə qazana biləcək oyunçulara malikik. Öz oyunumuzu oynasaq, əminəm ki, Çempionlar Liqasında sürpriz edə bilərik”.