Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova "Hyundai” klubunun heyətində ikinci oyununa çıxıb. 24 yaşlı voleybolçu Cənubi Koreya çempionatında növbəti dəfə öz gücünü nümayiş etdirib. GS klubunun qonağı olan "Hyundai” əzmkarlıq sayəsində oyunun gedişatını dəyişib. Komanda 2:1 hesabı ilə geridə olsa da, tay-brekdə rəqibini məğlub edib - 3:2 (26:24, 20:25, 17:25, 25:22, 15:13). Qələbədə isə əsas pay sahibi Polina olub. Yeni komandasında ilk çıxışında 38 dəqiq zərbə ilə bombardir olan təmsilçimiz bu dəfə klubuna 53 xal qazandırıb. Polina Rəhimova bununla özünün sahib olduğu Azərbaycan rekordunu da yeniləyib. 2011-ci ildə "Azərreyl”in "Uraloçka” ilə "Çelenc Cup” çərçivəsində baş tutan oyununda da hücumçumuz 48 xal toplamışdı. Həmin nəticə Azərbaycan qadın voleybol tarixinin ən yüksək nəticəsi idi. Bu dəfə əvvəlki nəticədən 5 xal çox toplayan idmançımıza dünya rekordunu təkrarlamağa 4 xal kifayət etməyib. Qeyd edək ki, Elitsa Vasilyevaya məxsus dünya rekordu 57 xala bərabərdi. Bolqarıstanlı hücumçu məhz Cənubi Koreya çempionatının 2013/2014-cü illər mövsümündə inanılmaz nailiyyətə imza atmışdı. Dünya sıralamasına 5-ci nəticə ilə daxil Polina bu göstəricini daha 2 voleybolçu ilə bölüşür. 53 xalla 5-7-ci olan bu "üçlük” yalnız təmsilçimizin indi çıxış etdiyi liqada qeydə alınan 4 göstəricidən geri qalır. Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya mətbuatına müsahibə verib. "Hyundai” klubunun şərəfini qoruyan 24 yaşlı hücumçu II tur çərçivəsində GS klubuna qalib gəldikləri görüşdə (3:2) 53 xal toplamaqla, dünya rekorduna daha da yaxınlaşmasından da danışıb.
- Cənubi Koreya çempionatının II turunda GS ilə qarşılaşma 5 set davam etdi və gərgin alındı. Yorulmadınız?
- Əlbəttə, bu, elə-belə qarşılaşma deyildi. Bundan əlavə, komandamıza qarşı yeni oyunçular, yaxşı komanda mübarizə aparırdı. Bir az yorulduğumu da demək olar.
- 53 xal toplamaqla matçın qəhrəmanı oldunuz və "Hyundai” klubunun qalib gəlməsində zəhmətiniz böyük idi. Sizi belə ruhlandıran, yüksək nəticə qazanmaqda kömək edən nədir?
- Oyunumla komandama kömək etmək və sonda hamı ilə birgə gülüb-sevinmək istəyirəm. Hətta görüşün gedişində 50-dən çox xal topladığımı da bilmirdim. Bu, maraqlıdır. Haradasa rekorda yaxındı.
- Cənubi Koreyaya, yeni klubunuza uyğunlaşma necə keçir?
- Həm iqlimə, həm atmosferə, həm də məşqlərə adaptasiya olmuşam. Düzdür, yoruluram, amma bu, normaldır.
- Qarşılaşmanın gedişində bəzən anlaşılmazlıqlar yaşanır. Xal qazanmaqda çətinlik çəkirsiniz. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Fikrimcə, bu, normaldır. Hazırda yeni komandadayam və yeni mövsüm başlayıb. Bir-birimizi anlamaq üçün çox çalışmaq lazımdı. Həmçinin, qələbə üçün təcrübə də mühüm amildir. Biz hələlik cəmi 2 matça çıxmışıq. Düşünürəm ki, növbəti turlarda daha yaxşı oyun göstərəcəyik.
- Görüşü izləyən "Hyundai” azarkeşlərinə nə demək istərdiniz?
- Onların səfərdə də bizi dəstəkləməsi xoşdur. Rəqib meydanında oynasaq da, bizim fanatlarımız daha çox idi. Bu da mənə çox gözəl təsir bağışladı.