Noyabrın 12-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatması olacaq. Azərbaycan millisinin 1 addımlığında olduğu yarışda 16 komanda rəqibini tanıyacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 19:00-da Belçikanın Antverpen Şəhər Zalında təşkil olunacaq.
Belçika və Hollandiyada keçiriləcək AVRO-2015-də iştirak edəcək yığmalardan artıq 13-nün adı məlumdur. Yarışda ev sahibləri ilə yanaşı, Rusiya (son çempion), Almaniya, Serbiya, Xorvatiya, İtaliya (AVRO-2013-də nəticələrinə əsasən), Türkiyə, Polşa, Çexiya, Bolqarıstan, Macarıstan və Rumıniyanın (seçmə mərhələdə qrup qalibləri) iştirakı dəqiqdir. Digər 3 vəsiqənin taleyinə isə pley-offda aydınlıq gətiriləcək. Vəsiqələrdən birinə Azərbaycan yığması sahib ola bilər. Komandamız gələn ilin mayında Slovakiya ilə qarşılaşmada məsələyə tam aydınlıq gətirəcək. Digər pley-off cütlərində Belarus Ukrayna ilə, Sloveniya Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, AVRO-2015 sentyabrın 26-da start götürüb, oktyabrın 4-də başa çatacaq. Oyunlar Hollandiyanın Rotterdam, Apeldorn, Eyndhoven, Belçikanın Antverpen şəhərlərində keçiriləcək.