Qadın voleybolçular arasında Çempionlar Liqasının yeni mövsümü start götürüb. 2014/15 mövsümündə qitənin ən nüfuzlu klub turnirindəki yarışda Azərbaycanı təmsil edən iki komandadan biri - "Azəryol” tarixində 10-cu dəfə ÇL-də mübarizəyə qoşulub.
Paytaxt təmsilçisi Bakıda Fransanın "Nant” kulubu ilə üz-üzə gəlib. Bu il heyətini gücləndirən "Azəryol” çətin keçən qarşılaşmada əzmkar qələbə qazanıb. Mövsümə yeniliklərlə başlayan və ən azı "Dördlər finalı”na qədər irəliləməyi qarşısına məqsəd qoyan komandamız doğma meydanda 3:2 hesablı qələbəyə sevinib. Qarşılaşmaya gəlincə, ilk set komandamızın üstünlüyü şəraitində keçib. Voleybolçularımız inamlı oyun sayəsində hissəni aktivinə yazmaqda çətinlik çəkməyiblər. Lakin "Nant” təşəbbüsü ələ alıb. La Liqanın gümüş medalçısı ardıcıl 2 setdə qələbə qazanıb. Lakin bu "Azəryol”un ruhdan düşməsinə səbəb olmayıb. Əksinə, Aleksandr Çervyakovun taktikanı dəyişməsi xeyrimizə olub və rəqibin qələbə qazanmaq istəklərinin üstündən xətt çəkib. Komandalar qalibi müəyyənləşdirmək üçün tay-brekdə qüvvələrini sınamalı olublar. Bu mərhələdə isə təmsilçimiz qələbəni bayram edib.
Çempionlar Liqası
I tur
12 noyabr
B qrupu
"Azəryol” (Azərbaycan) - "Nant” (Fransa) - 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya)
Bakı. Voleybol Mərkəzi.