Qadın voleybolçular arasında "Çelenc Cup”ın ll təsnifat mərhələsində ilk qalibin adı bəlli olub. Bu yarışda ölkəmizi təmsil edən "Azərreyl” Avstriya təmsilçisi "İnsbruk” klubunu məğlub edərək, 1/16 finala vəsiqə qazanıb. Bakıda keçirilən ilk oyunda nominal qonaq qismində çıxış edən Vüqar Əliyevin yetirmələri rəqibinə 3:0 hesabı ilə qalib gəldiyindən cavab matçı daha çox formal xarakter daşıyıb. Belə ki, bu dəfə komandamız ilk hissəni 7 top öndə bitirib. Voleybolçularımız üçün ikinci hissə də asan keçib. "Azərreyl” hissəni 25:15 hesabı ilə aktivinə yazıb. Üçüncü hissədə də "İnsbruk” klubu 25:15 hesabı ilə məğlub olub.
Nəticədə, qarşılıqlı razılaşmaya əsasən Bakıda keçirilən hər 2 matç "Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız növbəti mərhələdə CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutacaq "Köniz” (İsveçrə) - "Alba” (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Çelenc Cup
II təsnifat mərhələsi, cavab oyunu
12 noyabr
"Azərreyl” (Azərbaycan) - "İnsbruk” (Avstriya) - 3:0 (25:17; 25:15; 25:15)
Hakimlər: Kristian Vanaveski (Estoniya), Boyan Bardiç (Xorvatiya)
Voleybol Mərkəzi.
İlk oyun - 3:0 (25:10, 25:16, 25:18)
Qeyd edək ki, "Çelenc Cup”ın cütlərində qaliblər noyabrın 25-27-də bilinəcək.