Qadın voleybolçular arasında CEV kubokunun 2014/15-ci illər mövsümü start götürüb. Qitənin ikinci dərəcəli klub turnirində "İqtisadçı”nın fəaliyyətini dayandırmasından sonra Azərbaycanı təmsil edən yeganə komanda olan "Lokomotiv” ilk oyununu keçirib. "Dəmiryolçular” mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Təmsilçimiz Almaniyada "Rote Raben” klubunun qonağı olub. Görüşə yaxşı start verən komandamız qələbə qazanmaqda çətinlik çəkməyib. Belə ki, "dəmiryolçular” ilk hissədə 25:17 hesabı ilə qalib gəlib. "Rote Raben” təmsilçimizə müqavimət göstərsə də, təcrübəli oyunçularımız onların istəyini puç ediblər - 26:24. Üçüncü hissədə "Lokomotiv”in asan qələbəsi ilə yekunlaşıb. Komandamız bu dəfə 25:22 hesabı ilə qalib gəlib. Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən "Lokomotiv” ilk sınağdan üzüağ çıxıb. Bakı təmsilçisi noyabrın 26-da Bakıda olacaq cavab oyununa rahat çıxa bilər.
CEV kuboku
1/16 final, ilk oyun
12 noyabr
"Rote Raben” (Almaniya) - "Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)
Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya)
Filsbiburq. Top Oyunları Sarayı.