Martın 8-dən 10-dək Rusiyanın Kirov vilayətində 2013-cü il mövsümünün final yarışları keçirilib. Yarışda dünyanın 18 ölkəsindən 79 ən güclü buzadırmanan iştirak edib.
Yarışda ölkəmiz Azərbaycan Alpinizm Federasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından ibarət iki yığma ilə təmsil olunub. Xatırladaq ki, bu il buzadırmanma üzrə Dünya kubokunun beş mərhələ yarışı olub. Bu yarışlar Çeonqsonq (Koreya), Saas Fee (İsveçrə), Rabenştayn (İtaliya), Buşteni (Rumıniya) və Kirovda (Rusiya) keçirilib. Qeyd edək ki, Koreyada kubok yarışı ilə yanaşı, çətinlik növündə dünya çempionatı da keçirilmişdi. Sürət növü üzrə dünya çempionatı isə Rusiyada təşkil olunmuşdu.
Yığmamızın yekun çıxışına görə komandamız dünya çempionatının sürət yarışlarında ümumi komanda hesabında ikinci yeri tutub. Yarışda AAF yığmasının üzvləri Qalib Şıxrəhimov, Leyla Əliyeva, Elvira Maqomedrəsulova və FAIREX yığmasının üzvü Ramay Rəhimxanovun ixtisas və yarımfinal yarışlarında çıxışlarına görə komandamız gümüş medal qazanıb. Birinci yerə Rusiya yığması, üçüncü yerə isə Ukrayna komandası çıxıb.