"Hesabda irəlidəydik, amma sonradan oyunda uyğunlaşmanı itirdik. Rəqib özündə güc tapıb hesabı bərabərləşdirə bildi. Ümumiyyətlə, 2 set uduzub, sonra özünə gəlmək "Omiçka” üçün adi haldır”. Bu sözləri Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.
İsveçrənin "Volero” klubunun şərəfini qoruyan təcrübəli hücumçu Çempionlar Liqasının II turunda "Omiçka” ilə oyundan sonra fikirlərini açıqlayıb. O, rəqibi 3:2 hesabı ilə məğlub etmələrinin səbəblərini belə ifadə edib: "2:0 hesabı ilə öndə olub, ardınca üstünlüyü əldən versək də, yaxşı ki, hər şey bizim xeyrimizə qurtardı. Ehtiyat voleybolçularımız da oyuna hazır idilər. Elə bu da 5-ci hissədə özünü göstərdi və nəticədə lazımı əvəzetmələrlə görüşü xeyrimizə bitirdik ". Voleybolçumuz "Omiçka”dan ayrılıb, "Volero”ya keçsə də, hələ də "Omiçka”nın borcunu tam ödəmədiyini deyib: "Maaşımla bağlı borclara gəlincə, ödənişlər indi başlayıb. Amma "Omiçka” mənə olan borcunu hələ tam ödəməyib. Buna baxmayaraq, yenidən Omska gəlmək xoş idi. Bu yaxşı haldır ki, azarkeşlər məni tanıyır, sevir və dəstəkləyirlər. "Omiçka” isə yenə də güclü komandadır”.