"Lokomotiv”in voleybolçusu Evangeliya Çantava Yunanıstanda 2013/2014-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Bakı klubuna gələnədək vətənində "Vrillisiya”nın şərəfini qoruyan 24 yaşlı hücumçu bütün rəqiblərini qabaqlayıb. Lakin Çantava mükafatlandırma mərasimində iştirak etməyib. Voleybolçu Bakıda olduğundan onun üçün hazırlanan xüsusi diplom yaxınlarına təqdim edilib. Yunanıstan millisinin də şərəfini qoruyan Evageliya bundan yalnız məyus olduğunu deyib: "Təəssüf ki, mükafatımı özüm ala bilmədim. Komandamız sıx qrafiklə mübarizə aparır və buna görə də düşərgədən ayrıla bilmirəm. Bu mükafata layiq görüldüyüm üçün çox şadam. Ötən mövsüm bütün oyunlarda var qüvvəmlə mübarizə aparmışdım. Uğurlu mövsüm keçirməyimə görə komanda yoldaşlarım və məşqçimə borcluyam”. "Lokomotiv”də əsas heyətə düşməkdə çətinlik çəkən voleybolçu Azərbaycanda da bu uğuru davam etdirmək arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, qarşısına ciddi məqsədlər qoyduğundan Bakı klubu ilə də bunu həyata keçirmək fikrindədir.