Qadın voleybolçular arasında Çempionlar Liqasının ilk dövrəsinin statistikası açıqlanıb. Ən güclü voleybolçular arasında Azərbaycanın "Rabitə” və "Azəryol” klublarının da oyunçuları yer alıblar.
Belə ki, təmsilçilərimizdən ən yaxşı göstəriciyə son illərin dəyişməz qalibi olan "Rabitə”nin üzvü Françeska Ferretti malikdir. İtaliyalı voleybolçu 3 turun yekununa əsasən müəyyənləşən siyahıda toppaylayıcılar arasında liderdi. İlk "onluq”da, bu komandanın daha 2 oyunçusu da yer alıb. "Azəryol”un voleybolçularından Yovana Brakoçeviç (2 nominasiyada) və Kseniya Poznyak da liderlər sırandadırlar. Onlar ən çox xal toplayanların və blokçuların siyahısında yer alıblar.
Məlumat üçün bildirək ki, ötən həftə Çempionlar Liqasının növbəti turun oyunları keçirilib. İlk olaraq komandalarımızdan mübarizəyə "Azəryol” başlayıb. Doğma meydanda təşkil olunan oyunda komandamız "Ştiinta” klubunu qəbul edib. Təmsilçimizin rəqibini məğlub edəcəyini əvvəlcədən gözləmək olardı. Çünki heyətimiz rəqibə nisbətən güclü voleybolçulardan təşkil olunmuşdu. Komandamız qələbə qazanacağı təqdirdə turnir cədvəlində vəziyyətini yaxşılaşdıracaqdı. Oyuna gəldikdə isə, ilk dəqiqələrdən "Ştiinta” hücum oyunu nümayiş etdirərək, müəyyən üstünlüyə yiyələnib. Lakin daha təcrübəli oyunçulardan qurulan "Azəryol” birinci hissədə rumınların qələbə qazanmasına imkan verməyib. Əvvəlcə toplar arasındakı fərqi bərabərləşdirən voleybolçularımız ardınca daha səhvsiz başa vurublar, birinci hissəni öz xeyirlərinə yazıblar. İkinci hissədə isə komandamız rəqibini 15 top fərqi ilə məğlubiyyətə uğradıb. Üçüncü hissənin də Aleksandr Çervyakovun yetirmələri üçün asan keçəcəyi gözlənilsə də, rəqib ciddi müqavimət göstərib. Lakin "Azəryol” rumınları 2 top fərqi ilə məğlub edərək, matçın yekun hesabını müəyyənləşdirib - 3:0. Bununla da aktivindəki xalların sayını 5-ə çatdıran paytaxt klubu ikinci pilləyə qalxıb. Analoji yarışda mübarizə aparan digər təmsilçimiz "Rabitə” "Azəryol”un uğurunu davam etdirə bilməyib.
Belə ki, gərgin mübarizə şəraitində keçən oyun komandamız üçün uğurla yekunlaşmayıb. Meydan sahibləri 3:2 hesabı ilə qalib gələrək, mövsümdə ilk qələbələrini qazanıblar. Oyuna gəldikdə isə rəqibimiz birinci hissədə qalib gəlib. İkinci hissədə isə sevinən tərəf "Rabitə” olub. Xala-xal prinsipilə davam edən üçüncü hissədə isə çexiyalılar qələbəni əldən verməyiblər. Dördüncü hissədə isə voleybolçularımız qələbə qazanaraq tay-brekdə qüvvələrini sınamaq imkanı qazanıblar. Doğma meydan amilindən istifadə edən "Agel” klubu bu hissədə qalib gələrək aktivinə 2 xal əlavə edib. Məğlubiyyətə baxmayaraq, aktivinə 1 xal əlavə edən Azərbaycan çempionu 3-cü pillədəki yerini qoruyub.