Qadın voleybolçular arasında "Çelenc Cup”ın 1/8 final mərhələsi davam edir. Yarışda ölkəmizi təmsil edən "Azərreyl” ilk qarşılaşmasına çıxıb. Vüqar Əliyevin yetirmələri Steynkyerdə Norveçin "Stod Volley” komandası ilə qarşılaşıb. Səfərə qələbə arzusu ilə yollanan "dəmiryolçular” buna nail ola bilməyiblər.
Oyuna yaxşı başlamayan komandamız ilk iki hissədə 25:18 hesabı ilə məğlub olub. Lakin 3-cü hissədə "Azərreyl” təşəbbüsü ələ almağı bacarıb. Buna baxmayaraq, "dəmiryolçular” 4-cü seti qazana bilməyib və meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıblar. Qeyd edək ki, "Azərreyl” bunadək "İnsbruk” (Avstriya) və "Könits” (İsveçrə) klublarını mübarizədən kənarlaşdırıb.
"Çelenc Cup”
1/8 final mərhələsi, ilk oyun
14 yanvar
"Stod Volley” (Norveç) - "Azərreyl” (Azərbaycan) - 3:1 (25:18; 25:18; 22:25; 27:25)
Hakimlər: Ari Yokelaynen (Finlandiya), Yelena Qeldof (Hollandiya)
Steynkyer, İdman Sarayı