Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin idman zalında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AVF-in baş katibi Elşən İsmayılov qonaqları, idmançıları salamlayaraq onları federasiya adından təbrik edib. İdmançılarımıza yüksək uğurlar və nailiyyətlər arzu edən baş katib ölkəmizdə keçiriləcək Bakı-2015 Avropa Oyunlarından danışıb. "Ilk Avropa Oyunları idmançılar üçün bir bayrama çevriləcək. Oyunlarda medallar əldə etmək üçün hər bir idmançı əlindən gələni etməlidir”, - deyə Elşən İsmayılov bildirib.
Sonra gənc gimnastların maraqlı çıxışı olub. "Azərreyl”, "Azəryol” və "Lokomotiv” komandalarının yeniyetmələrindən ibarət voleybolçuları arasında estafet keçirilib.
Tədbirin sonunda isə voleybol üzrə kişilərdən ibarət yığma komandanın üzvləri öz aralarında yoldaşlıq görüşündə qarşılaşıblar.