Mayın 21-də Xaçmaz Olimpiya İdman Kompleksində məktəblilər arasında voleybol üzrə zona birinciliyinə start verilib.
Birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi tədbirlər çərçivəsində reallaşan yarışda 10 komanda qüvvəsini sınayır. Yarışda şimal regionunun idmançıları ilə yanaşı, Sumqayıt şəhərini, eləcə də Abşeron, Qubadlı və Qobustan rayonlarını təmsil edən komandalar iştirak edirlər.
Turnirin açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri çıxış ediblər.
Yarışlarda 6 zonanın 74 şəhər və rayonundan 6 mindən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd isə birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etməkdir.
İki gün davam edən voleybol yarışının qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.