Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer jurnalistlərə açıqlamasında deyib ki, qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2017-ci ildə Bakıda keçirilə bilər. Federasiya Prezidentinin sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan Voleybol Federasiyası Avropa Voleybol Konfederasiyasına müraciət göndərib. "Bakı mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Buna görə də, biz bu müraciəti müsbət qarşıladıq. Azərbaycan qitə birinciliyini Gürcüstan ilə birgə təşkil etmək niyyətindədir. Azərbaycanda yüksək standartlara cavab verən idman qurğuları var. İnanıram ki, bu ölkə hər bir nüfuzlu yarışın öhdəsindən gəldiyi kimi, Avropa çempionatını da yüksək şəkildə təşkil edə biləcək”,- deyə Andre Meyer bildirib. Konfederasiya prezidenti həmçinin qadınlar arasında voleybol üzrə Bakıda keçirilən Avropa çempionatının təsnifat mərhələsini də şərh edib. O, təşkilatçılığın lazımi səviyyədə olduğunu, Bakıda voleybol sevincinin hər zaman hiss olunduğunu deyib. " Təsnifat mərhələsi məni qane etdi. Təşkilati işlərdə heç bir problemlə üzləşmədik. Bakıya budəfəki səfərimizdə isə əsas məqsəd Avropa Oyunları ilə bağlı müzakirələr aparmaq idi. Mən əminəm ki, voleybol yarışlarının Bakı-2015-in proqramına daxil olunması idmanın bu növünün təbliğinə təkan verəcək. Hesab edirəm ki, Avropa Oyunlarında voleybol yarışlarının qüsursuz keçməsi üçün hər kəs əlindən gələni edəcək. Avropa Oyunları həm Azərbaycan, həm də qitə üçün böyük əhəmiyyətə malikdir. Bu Oyunlar Avropanın idman tarixində yeni bir səhifə açacaq”,- deyə Andre Meyer vurğulayıb.