Rabitə” çempionluğa bir qədər də yaxınlaşdı

Rabitə” çempionluğa bir qədər də yaxınlaşdı


"Dəmiryolçular” isə turnir cədvəlində vəziyyətlərini
çətinləşdirdilər

Aprelin 11-də XXIII turun oyunları keçirilib. "Azərreyl” bu tur istirahət etdiyindən mübarizə aparmayıb. Turun mərkəzi görüşü "Lokomotiv”lə "Rabitə” arasında keçirilib. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunan birinci oyunda sevinən tərəf "Rabitə” klubu olub. Onlar rəqiblərini 3:1 hesabı ilə məğlubiyyətə uğradaraq aktivlərinə xal əlavə edə biliblər. "Rabitəçilər” ikinci və üçüncü oyunda da "dəmiryolçular”ı 3:1 hesabı ilə məğlub ediblər. Budəfəki görüşdə isə hansı nəticənin qeydə alınacağı hamıda maraq doğururdu. Oyunun gərgin keçəcəyi proqnozlaşdırılsa da, Marçello Abbondanzanın yetirmələri yenə "dəmiryolçular”ın sevinməsinə imkan verməyiblər. Oyuna gəldikdə isə, qarşılaşmaya "Lokomotiv” komandası üstün başlayıb. Onlar birinci hissənin ikinci texiniki fasiləsinə 9 top fərqi ilə irəlidə çıxıblar. Amma çempionluq iddiasında olan "Rabitə” əzmkar oyun nümayiş etdirərək birinci hissəni qələbə ilə yekunlaşıdırıb - 25:23.
İkinci hissədə də "Lokomotiv” qalib gəlmək üçün əlindən gələni edib. Bu da, başa düşülən idi. Çünki çempionatda mükafatçılar sırasında yer almaq üçün Cüzeppe Kuçarinin komandasına qələbə mütləq lazım idi. Xala-xal prinsipi ilə keçən ikinci hissənin sonunda sevinən tərəf yenə "Rabitə” olub. Üçüncü hissədə isə görüşün taleyinə aydınlıq gəlib. Bu dəfə də, "rabitəçilər” rəqibindən üstün oyun nümayiş etdirərək 3 xal qazanıb.
"İqtisadçı” komandası isə "Lokomotiv Biləcəri” klubunu qəbul edib. Bu görüşdə universitet komandası asan qələbə qazanıb.
Baş məşqçiləri Kiattiponq Radçataqriaqkranın oyundan əvvəl komandadan uzaqlaşdırılması, onun Fərid Cəlalovla əvəzlənməsi voleybolçularda sanki əlavə ruh yüksəkliyi yaradıb. Birinci hissədə 6 top fərqi ilə qalib gələn "tələbələr” ikinci hissəni 11 topla irəlidə bitiriblər. Üçüncü hissədə isə "İqtisadçı” daha inamlı təsir bağışlayıb. Onlar bu dəfə rəqiblərini 15 top fərqi ilə məğlubiyyətə uğradıblar.
Bununla da onlar "Lokomotiv Biləcəri”ni hər 4 dövrədə 3:0 hesabı ilə məğlub ediblər. "Bakı-Azəryol” isə "Telekom” klubunu sınağa çəkib. Vüqar Əliyevin yetirmələri gənclərdən qurulmuş debütanta hər üç hissədə qalib gələrək 3 xal qazanıblar.
Beləliklə, növbəti 3 xalını əldə edən "Rabitə” çempionluğa bir qədər də yaxınlaşıb. "İqtisadçı” "Azərreyl”in istirahət etməsindən istifadə edərək, müvəqqəti də olsa, ikinci pilləyə yüksəlib. "Lokomotiv” isə ilk "üçlükdən” bir qədər də uzaqlaşıb.

XXIII tur
"Lokomotiv Biləcəri” - "İqtisadçı” - 0:3 (19:25; 14:25; 10:25)
Birinci oyun: "İqtisadçı” - "Lokomotiv-Biləcəri” - 3:0 (25:13, 25:11, 25:16)
İkinci oyun: "Lokomotiv Biləcəri” - "İqtisadçı” - 0:3 (21:25, 16:25, 10:25)
Üçüncü oyun: "İqtisadçı” - "Lokomotiv Biləcəri” - 3:0 (25:17; 25:11; 25:18)

"Bakı-Azəryol” - "Telekom” - 3:0 (25:19; 25:22; 25:18)

Birinci oyun: "Telekom” - "Bakı-Azəryol” - 0:3 (22:25, 10:25, 14:25)
İkinci oyun: "Bakı-Azəryol” - "Telekom” - 3:0 (25:17, 25:20, 25:18)
Üçüncü oyun: "Telekom” - "Bakı-Azəryol” - 0:3 (18:25; 21:25; 11:25)

"Lokomotiv” - "Rabitə” - 0:3 (23:25, 28:30, 21:25)

Birinci oyun: "Rabitə” - "Lokomotiv” - 3:1 (25:19, 15:25, 25:21, 25:21)
İkinci oyun: "Lokomotiv” - "Rabitə” - 1:3 (29:27, 15:25, 17:25, 10:25)
Üçüncü oyun: "Rabitə” - "Lokomotiv” - 3:1 (25:20, 21:25, 25:14, 31:29)