Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku”nun üzvləri Ukrayna və Sloveniyada keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edib. Təmsilçilərimiz hər iki yarışda fəxri kürsüyə qalxmağı bacarıblar.
Heyəti Elçin Əsədov, Yannis Tamuridis, Maksim Averin, Markus Eybeger, Matey Müqerli və Tural İsgəndərovdan ibarət kollektiv Ukraynada keçirilən "Odessa Grand-Prix” yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı 2 günlük yarışında təmsilçilərimizdən ən yüksək nəticəyə Matey Müqerli imza atıb. İdmançımız hər 2 yarış günündə finişə ikinci çatıb və 2 dəfə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər təmsilçimiz Maksim Averin isə ilk yarış günündə 8-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazanıb. Hazırda onun aktivində ümumilikdə 142 reytinq xalı var.
Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində keçiriləcək Avropa birinciliyinə hazırlaşan gənclərdən ibarət yığmamızın üzvü Samir Cəbrayılov isə "Kranj-2015” kriterium yarışında iştirak edib. O, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.