Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarının başlama vaxtı müəyyənləşib. Belə ki, qadınlar arasında Superliqa oyunlarına noyabrın 6-da start veriləcək. Yarışda "Telekom”, "Azərreyl”, "Azəryol” və "Lokomotiv” komandalarının iştirakı artıq dəqiqləşib. Reqlamentə əsasən, komandalar 6 dövrədə 18 görüş keçirəcəklər. Dairəvi sistemlə təşkil olunacaq yarışda daha çox xal toplayan komanda çempion tituluna yiyələnəcək. Superliqanın başa çatma vaxtı isə aprelin 20-sidir.
Yarışa əlavə "Qarabağ” klubunun da qatılacağı istisna olunmur. Belə təqdirdə isə reqlament yenə dəyişəcək. Bu zaman 5 komanda 5 dövrədə 20 görüş keçirəcək və ilk dörd komanda yarımfinala çıxacaq. Bu isə o deməkdi ki, Bakı təmsilçiləri ölkə çempionatından öncə avrokuboklara başlayacaq. Çempionlar Liqasında çıxış edəcək komandalarımız ilk turu, CEV kubokundakı təmsilçimiz isə 1/16 finalda birinci oyununu başa vuracaq. Superliqada çıxış edəcək komandaların dubllarının da bu ildən əvəzedicilərin yarışında mübarizə aparması rəsmi şəkildə qəbul edilib. Bu səbəbdən də birinciliyə qatılacaq klubların ikinci heyəti dublların çempionatına qatılacaq. Əlavə olaraq onlara "Nəqliyyatçı” da qoşulacaq. Bu birinciliyə noyabrın 15-də start veriləcək.
Kişi voleybolçular isə noyabrın 14-də mübarizəyə başlayacaqlar. Kişilər arasında da dörd komanda birincilik uğrunda mübarizə aparacaq. Çempionatda "Neftçi”, "Ali Hərbi Məktəb”, "Nəqliyyatçı” və "Sumqayıt” klubları iştirak edəcəklər. Kişilər arasında da əlavə klubların qoşulacağı istisna edilmir. Belə ki, yeniyetmələrdən ibarət komanda və Naxçıvan təmsilçiləri də çempionatda güclərini sınaya bilərlər. Üç turdan ibarət yarış noyabr, fevral və aprel aylarında keçiriləcək. Komandalar 3 gün ardıcıl olaraq bir-birini sınağa çəkəcəklər.
Qeyd edək ki, oktyabrın 16-da hakimlər arasında seminar təşkil ediləcək. Dərslərdə ədalət təmsilçilərinə yeni qaydalar barədə geniş məlumat veriləcək.