Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) Baş Assambleyası təşkil olunub. Keçirilən 36-cı assambleyada konfederasiyanın yeni prezidenti seçilib. Beləliklə, növbəti 4 il ərzində Avropa voleyboluna serbiyalı Aleksandr Boriçiç nəzarət edəcək. O, səsvermə nəticəsində 2001-ci ildən bu postda olan Andre Meyerin üzərində qələbə qazanaraq prezident vəzifəsinə seçilib.
Xatırladaq ki, Aleksandr Boriçiç eyni zamanda FİVB-in idarə heyətində yer alır və Serbiya Voleybol Federasiyasının prezidenti vəzifəsini icra edir. Qeyd edək ki, assambleyada ölkəmizi CEV-in İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov təmsil edib. Tədbirdə çərçivəsində gələcək yarışlardan, onların hansı şəhərlərdə keçirilməsi barədə də müzakirələr aparılıb.