Komandamız daha bir xarici oyunçu ilə müqavilə bağlayıb

Komandamız daha bir xarici oyunçu ilə müqavilə bağlayıb


"Lokomotiv” voleybol klubu heyətini gücləndirmək qərarına gəlib. "Dəmiryolçular” Dominikan Respublikası yığmasının oyunçusu libero Brenda Kastillonu transfer etməklə "12-liyi” tamamlayıblar. "Lokomotiv” 2012-2015-ci illər mövsümündə "Rabitə” klubundakı çıxışları ilə tanınan ulduz voleybolçu ilə birillik müqavilə imzalayıb. Kastillo bir neçə klubun diqqət mərkəzində olsa da, "Lokomotiv”in Çempionlar Liqasında çıxış etməsi onun bu kluba keçməsinə səbəb olub. Ölkəsinin yığması ilə Panamerka, NORCECA, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi oyunlarının qalibi olan Brenda "Rabitə” ilə 3 dəfə Azərbaycan Super Liqasının qızıl medalını qazanıb. Həmçinin Çempionlar Liqasında ikinci və üçüncü yeri qazanan voleybolçu bu yarışlarda ən yaxşı libero seçilib.
Qeyd edək ki, Super Liqanın gümüş mükafatçısı Brenda Kastilloya qədər "Lokomotiv” Özge Kırdar Çemberci (Türkiyə), Kanani Danielson (ABŞ), Hana Çutura (Xorvatiya), Yana Əzimova (Azərbaycan), Berit Kauffeldt (Almaniya) və Yaroslava Pencova (Slovakiya) ilə əməkdaşlıq edib. Çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviç ilə də müqavilənin müddətini artırıb. Yerli voleybolçularımızdan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova isə ötən il bağladığı 2 illik müqavilə əsasında komandada çıxışlarını davam etdirəcəklər.