Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunun 1/8 final mərhələsinə yüksəlib.
Baş məşqçi Aleksandr Çervyakovun komandası 1/6 finalda Rumıniyanın "Tarqovitse" klubunu üstələyib.
Voleybol Mərkəzində keçirilmiş cavab görüşündə ilk 3 set "Azəryol"un üstünlüyü ilə tamamlanıb - 3:0 (25:23, 25:23, 25:17). Rumıniyadakı ilk qarşılaşma meydan sahiblərinin eyni hesablı qələbəsi ilə yekunlaşdığından, qalib "tay-breyk" adlanan əlavə setdə müəyyənləşib. Bu setdə də yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan təmsilçisi 15:13 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.
"Azəryol"un 1/8 finaldakı rəqibi noyabrın 11-də "Hayfa" (İsrail) - "Salo" (Finlandiya) görüşündən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk görüşdə "Salo" qalib gəlib - 3:0.
Qeyd edək ki, matçı izləyənlər arasında Azərbaycan yığmasının voleybolçuları, Azərbaycan Voleybol Federasiyasının rəsmiləri də olub.