“Bizim yaxşı, mehriban komandamız var”

“Bizim yaxşı, mehriban komandamız var”

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova rsport.ru saytına müsahibə verib. "Omiçka” klubunun heyətində çıxış edən təmsilçimiz Rusiya Super-liqasında hazırkı mövsümdə ən məhsuldar oyunçulardan biri olması və klubla müqaviləsini uzatması ilə bağlı danışıb.

- "Omiçka” pley-off mərhələsinin ikinci görüşündə Krasnodar "Dinamo”su üzərində 3:0 hesablı qələbə qazanmaqla, oyunlarda ümumi hesabı bərabərləşdirdi. Qalib gəldiyiniz görüş barədə nə deyə bilərsiniz?
- Oyuna yaxşı hazırlaşmışdıq. Fikirləşdiyimiz bütün taktikanı həyata keçirdik. Halbuki, heç kim oyunun 3 setdə qurtaracağını gözləmirdi. Bir neçə səhv dalbadal olanda komanda ruhdan düşür. Əgər vaxtında bu çatışmazlıqları aradan qaldırmasan, onda hər şey pis sonluqla bitər. Biz isə öz səhvlərimizi vaxtında görə bildik. Bundan sonra oyunumuzu öz istədiyimiz kimi qurduq. Hər top uğrunda mübarizə apararaq, qalib gəldik. Bunların hamısı Krasnodarda da olmuşdu. Ancaq evdə daha yaxşı oynadıq.

- Hazırda 557 xal toplamaqla ən məhsuldar oyunçular siyahısına başçılıq edirsiniz. Komandanın lideri olmaq sizcə, nə deməkdir?
- Bu haqda düşünməmişəm. Əgərhücumların sonunda əksər zərbələri vurmaq mənə etibar olunursa, özümü, komandanı pis vəziyyətdə qoymamalı, mənə olan ümidləri doğrultmalıyam. Mən də bunun öhdəsindən gəlməyə çalışıram. Daha çox dəqiq zərbə vururam, daha çox ötürmə alıram və beləcə xallar yığılır.


- Bəs oyuna necə hazırlaşırsınız?
- Bizim öz sistemimiz, rejimimiz var. Qarşılaşma günü məşqimiz olur, sonra videoya baxırıq və nahar edirik. Baza və ya hotelə birgə getmirik. Hamı oyuna ayrıca hazırlaşır. Kimi yatır, kimi isə musiqiyə qulaq asır. Bundan sonra oyunun keçiriləcəyi meydançaya gedirik. Yəni belə addım-addım hərəkət etmək bizə matça yaxşı hazırlaşmağımıza kömək edir. Mən həmişə oyuna tək hazırlaşıram. Bu vaxt heç bir xüsusi mahnıya qulaq asmıram və ya film izləmirəm.

- "Omiçka” ilə müqaviləni niyə mövsüm bitdikdən sonra deyil, çempionatın ən gərgin vaxtında uzatmaq qərarına gəldiniz?
- Mən heç vaxt 2 illik müqavilə imzalamıram. Bu, özünü doğrultmur. Gənc oyunçusansa bu zaman 2 illik anlaşma imzalamağa dəyər. Ancaq şəxsən mən risk etmək istəmirəm. "Omiçka”da isə hər şey mən istədiyim kimi oldu. Bizim yaxşı, mehriban komandamız var.



- Terziç məşqçi kimi sizi qane edir?
- Qadın komandasında işləmək üçün kişi məşqçi gərək çox yaxşı psixoloq olsun. Bu amil Zoranda var. O, voleybolçularla çox yaxşı ünsiyyət qurur. Biz məşqdən kənarda daima onunla birgə olmuruq. Buna görə də Terziç haqda əlavə nəsə deyə bilmərəm. Ancaq mütəxəssis kimi, o, yetərincə bacarıqlıdır.

- Azərbaycan millisinin düşərgəsinə nə vaxt yollanacaqsınız?
- Bakıda dünya çempionatının II seçmə oyunları olacaq. Mən komandanın düşərgəsinə mayda deyil, sonra qoşulacağam. Bununla bərabər, komandamız Avropa çempionatının oyunlarına da hazırlaşacaq.