Bu gün qadın voleybolçular arasında CEV kubokunda yaranan fasilə başa çatacaq. Olimpnews.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən "Azəryol” ilk oyun günü Polşada "Muşina” komandasının qonağı olacaq. Muşina İdman Sarayında keçiriləcək görüşün hakimləri də məlumdur. Oyunların 1/4 final mərhələsində keçiriləcək qarşılaşmada ədaləti rusiyalı Aleksandr Pavlov və danimarkalı Enqborq Kleyn Morten qoruyacaq.
Görüşdə aşkar favorit hesab olunmasa da, Ziya Rəcəbovun yetirmələri səfərdə uğurlu nəticəyə ümid edirlər. Gənc mütəxəssisin gəlişindən sonra oyununda dönüş yaradan "yolçəkənlər” Polşadan da uğurlu nəticə ilə dönmək arzusundadır. Lakin komandamızın işi o qədər də asan olmayacaq. Polşa çempionatının bürünc mükafatçısı, hazırda 6-cı pillədə qərarlaşan Boqdan Servinsikinin komandası da CEV kubokunda nailiyyət qazanmaq iddiasındadır. Heyətində əsasən yerli voleybolçular oynayan "Muşina” klubu ilə cavab qarşılaşması yanvarın 26-da Bakıda təşkil olunacaq.