Hollandiyanın Veyk-an-Zee şəhərindən keçirilən ənənəvi «Tata Steel Chess-2016» beynəlxalq şahmat festivalına yekun vurulub. 78-ci dəfə təşkil olunan turnir dairəvi sistem üzrə keçirilib. Yarışda 14 ən güclü qrossmeyster qalib adı uğrunda mübarizə aparıb. 2016-cı ilin ilk nüfuzlu yarışında 8 illik fasilədən sonra Şəhriyar Məmmədyarov da mübarizə aparıb. "Tata Steel Masters” turnirində yarışan həmyerlimizlə yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Bakıda keçirilən 2015-ci il Dünya kubokunun sahibi Sergey Karyakin (Rusiya), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Dinq Lijyen, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə), Pavel Elyanov (Ukrayna), Yevgeni Tomaşevski (Rusiya) və David Navara (Çexiya) iştirak ediblər. "Tata Steel Chess Challengers” turnirində isə şahmatçılarımız Eltac Səfərli və Nicat Abasovla yanaşı, D.Nisipyanu (Almaniya), B.Adhiban (Hindistan), A.Dreev, M.Antipov (hər ikisi Rusiya), E.Lami, B.Bok, Y.Van Forest, M.Admiral, A.Hast ( hamısı Hollandiya), S.Sevyan (ABŞ), Çzyuy Vençzyun (Çin) və N.Baciaşvili (Gürcüstan) mübarizə aparıblar.
Qəzetimizin ötən sayında ilk 8 tur barədə məlumat vermişdik. "Tata Steel Masters” turnirində yarışan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 9-cu turda Dinq Lijyenlə qarşılaşıb.
Ağ fiqurlarla oynayan qrossmeysterimiz çinli həmkarı ilə heç-heçə oynayıb. Turnirin lideri Maqnus Karlsen isə qara fiqurlarla oynayan Maykl Adamsdan üstün olub. Dünyanın ən gənc qrossmeysterlərindən biri olan Vey Yi çexiyalı David Navaraya qalib gəlib. ABŞ-ı təmsil edən Fabiano Karuana isə Sergey Karyakinlə heç-heçə oynayıb. Turun digər üç görüşündə də heç-heçə qeyd alınıb.
Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov şahmat festivalının onuncu turunda da heç-heçə edib. Qələbəsiz oyunlar seriyasını davam etdirən qrossmeysterimiz bu dəfə David Navara ilə xalları yarı böyüb. Aniş Qiri - Maqnus Karlsen, Uesli So - Yevgeni Tomaşevski, Dinq Lijyen - Lyuk van Veli görüşlərində də qalib müəyyənləşməyib. Digər oyunlarda İngiltərə şahmatçısı Maykl Adams rusiyalı Sergey Karyakini, ukraynalı Pavel Elyanov çinli Yifan Hounu, ABŞ təmsilçisi Fabiano Karuana çinli Vey Yini məğlub edib. Növbəti turda Şəhriyar Məmmədyarovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olub. Bakıda keçirilən Dünya kubokunda iki oyunun nəticəsinə əsasən rəqibinə qalib gələn Şəhriyar Məmmədyarov bu dəfə rəqibinin müqavimətini qıra bilməyib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də ənənəvi nəticəsini qazanıb. Tərəflər 50-ci gedişdə sülhə razılaşıblar. Ümumilikdə isə bu turda keçirilən 7 oyundan cəmi ikisində qalib müəyyənləşib. Dünya kubokunun hazırki sahibi Maqnus Karlsen bu dəfə Yifan Hou üzərində qələbə qazanmaqla liderliyini davam etdirib. Turun digər oyununda Yevgeni Tomaşevski Dinq Lijyenə uduzub. Digər qarşılaşmalarda isə heç-heçə qeydə alınıb. Birgünlük fasilədən sonra "Tata Steel Chess” superturnirində 12-ci turun oyunları keçirilib. Şahmatçımız bu turda çinli Vey Yi ilə qarşılaşıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz 16 yaşlı rəqibinə də qalib gələ bilməyib. Oyun heç-heçə yekunlaşıb. Digər çinli zəka sahibi Dinq Lijyen Pavel Elyanovdan üstün olub. Sona bir tur qalmış Lyük van Veliyə qalib gələn Fabiano Karuana isə Maqnus Karlsenə bir qədər də yaxınlaşıb. Düzdür, norveçli vunderkind sona bir tur qalmış çempionluğun taleyini həll edə bilərdi. Lakin buna Uesli So imkan verməyib. Çinli rəqibi ilə sülhə razılaşan Maqnus Karlsen çempionluğu son tura saxlayıb. Sonuncu - 13-cü turda qrossmeysterimiz rusiyalı Sergey Karyakin ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan şahmatçımız təcrübəli rəqibi ilə oyunun 31-ci gedişində heç-heçəyə razılaşıb.
Qələbəsiz oyunlar seriyasını davam etdirən təmsilçimiz xalını 6,5-ə yüksəldib. Çinli Vey Yi ilə eyni xal toplayan şahmatçımız 8-ci yerləri bölüşdürüb. Qrossmeysterimiz şəxsi göstəricilərə görə 13 şahmatçı arasında 8-ci yeri tutub. Məlumat üçün qeyd edək ki, Şəhriyar turnir ərzində keçirdiyi 13 oyunda 9 dəfə heç-heçə edib. İki qarşılaşmada qələbə qazanan həmyerlimiz eyni sayda da məğlubiyyətə üzülüb. «Tata Steel Chess-2016» beynəlxalq şahmat festivalının qalibi isə 13 oyundan 9 xal toplayan hazırki dünya çempionu Maqnus Karlsen olub. O, sonuncu turda Dinq Lijyenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan norveçli qrossmeyster 99 gedişdə heç-heçəyə razılaşıb. Çempionluğa sonuncu ümidlərini də itirən Fabiano Karuana isə Yevgeni Tomaşevski ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan F.Karuana 63-cü gedişdə rəqibinə təslim olub. Maqnus Karlsendən bir xal geri qalan ABŞ təmsilçisi ikinci yerə layiq görülüb. Eyni xala malik olan Dinq Lijyen isə üçüncü yerə sahib çıxıb. Pavel Elyanov isə sonuncu turda David Navaraya qalib gəlib. Lyük van Veli - Vey Yi, Maykl Adams - Uesli So, Aniş Qiri - Yifan Hou görüşlərində isə heç-heçə qeydə alınıb. Aktivində 7 xal olan Uesli So, Aniş Qiri və avel Elyanov isə müvafiq olaraq 4-6-cı pillələri bölüşürlər. Bakıda keçirilən Dünya kubokunun qalibi Sergey Karyakin isə bu dəfə 9-cu olub. 5,5 xala malik olan David Navara və Yevgeni Tomaşevski müvafiq olaraq, 10-11-ci yerləri tutublar. Turnirin yeganə xanım iştirakçısı Yifan Hou isə 12-ci olub. Aktivində 5 xal olan Maykl Adams və Lyük van Veli isə 13-14-cü yerləri bölüşüblər.
"Tata Steel Chess Challengers” turnirində isə birinci yeri hindistanlı Adhiban Baskaran tutub. O, 13 oyuna 9 xal toplayıb.
Təmsilçimiz Eltac Səfərli və rusiyalı Aleksey Dreev çempionla eyni xala malik olsa da müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşüblər. Eltac Səfərli sonuncu turda gürcüstanlı N.Baciaşvili üzərində qazandığı qələbə sayəsində ikinci yeri tutub. Onun komanda yoldaşı Nicat Abbasov isə hollandiyalı E.Lami ilə heç-heçə edərək aktivindəki xallarının sayını 6,5 çatdırıb. Bu nəticə ilə 6-10-cu pillələri bölüşdürən Nicat əlavə göstəricilərə görə 8-ci olub.
Məlumat üçün qeyd edək ki, «Tata Steel Chess-2016» beynəlxalq şahmat festivalının bağlanış mərasimində Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun adına təsis edilən beynəlxalq mükafatın da sahibi müəyyən olunub. Çexiyalı David Navara və hollandiyalı Van Forest bu mükafata sahib çıxıblar. Mükafatın qalibini jüri - ailəsi adından qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçib. Qalib "fair-play” qaydalarına uyğun olaraq müəyyən edilib. Qeyd edək ki, qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi də nəzərə alınıb.
«Tata Steel Chess-2016» beynəlxalq şahmat festivalı
9-cu tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Dinq Lijyen (Çin, 2766) - 0,5:0,5
10-cu tur
David Navara (Çexiya, 2734) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - 0,5:0,5
11-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Fabiano Karuana (ABŞ, 2787) - 0,5:0,5
12-ci tur
Vey Yi (Çin, 2706) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - 0,5:0,5
13-cü tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2747) - Sergey Karyakin (Rusiya, 2769) - 0,5:0,5