Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün yeni reytinq siyahısını açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, ilk 100-lüyə daxil olan şahmatçılar arasında Azərbaycanın 4 qrossmeysteri yer alıb. Zəka sahiblərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. Onun aktivində, ötən siyahıda olduğu kimi, 2747 xalı olsa da, təmsilçimiz 1 pillə irəliləyib. Şəhriyar Məmmədyarov hazırda 18-ci pillədə qərarlaşıb. Yenə 2726 xala malik Teymur Rəcəbov 28-ci pillədə qalıb. Aktivinə 6 xal yazdıran Arkadi Naydiç 1 pillə irəliləyib və 2702 xalla 44-cü pillədə yer alıb. Bununla da Arkadi Naydiç Azərbaycan yığmasında çıxış etməyə başladıqdan sonra ilk dəfə 2700-lük əmsalı keçməyə müvəffəq olub. 2653 xalını qoruyan Eltac Səfərli də 1 pillə irəliləyərək, 100-cü sırada yer alıb.
Rapid üzrə tərtib olunan reytinqdə Teymur Rəcəbov 2788 xalla 8-ci, Şəhriyar Məmmədyarov 2771 xalla 12-ci, Qədir Hüseynov 2718 xalla 40-cı, Arkadi Naydiç 2666 xalla 88-ci, Rauf Məmmədov 2655 xalla 99-cudur. Blits üzrə reytinq cədvəlində isə Rauf Məmmədov 2810 xalla 10-cu, Teymur Rəcəbov 2800 xalla 12-ci, Şəhriyar Məmmədyarov 2748 xalla 21-ci, Eltac Səfərli 2677 xalla 72-ci pillədə qərarlaşıb.
Cədvəldə ilk pillədə yer alan şahmatçının adı yenə də dəyişməyib. Norveçli qrossmeyster, "Şahmat tacı”nın hazırkı sahibi Maqnus Karlsen liderliyini qoruyub saxlayır. Onun aktivində hazırda 2844 reytinq xalı var. Aktivində 2801 xal olan rusiyalı Vladimir Kramnik ikincidir. Dünya şahmatının daha bir gənc ulduzu Aniş Qiri isə 2798 xalla üçüncü sıradadır. Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.