Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olan "Voleybol-bizimlə sağlam ol!” layihəsi çərçivəsində Biləsuvarda məktəblərarası rayon birinciliyinə start verilib. Olimpnews.az saytının məlumatına görə, yarışın açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamil Qurbanlı və "Voleybol-bizimlə sağlam ol!” layihəsinin həyata keçirilməsində xüsusi rolu olan Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov iştirak ediblər.
Layihənin rəhbəri Sənan Mənsimli qeyd edib ki, belə layihələr rayon gənclərinin idmana, xüsusən də voleybol idman növünə maraqlarının artmasına zəmin yaradacaq, onların asudə vaxtlarının daha səmərəli keçirilməsində böyük rol oynayacaq. Sonra təşkilatçılar, qonaqlar və komandaların oyunçuları tərəfindən Azərbaycanın dövlət himni səsləndirilib və yarış açıq elan edilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən ilk görüşlərin qalibləri növbəti mərhələyə keçiblər. Yarışın nəticəsinə görə qalib olan iki ən güclü komandaya kubok, diplomlar və dəyərli hədiyyələr təqdim olunacaq.