Lənkəran Şəhər Şahmat Məktəbində Təhsil Nazirliyinin tabeliyində olan uşaq şahmat məktəblərinin komandalarının respublika birinciliyinin zona yarışlarına start verilib. Olimpnews.az saytının məlumatına görə, ənənəvi keçirilən respublika birinciliyinin zona yarışlarında 54 zəka sahibi birincilik uğrunda mübarizə aparır.
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən dairəvi sistem üzrə keçirilən yarışda Astara, Masallı, Biləsuvar, Salyan, Yardımlı və Neftçala rayonlarının hərəsindən bir komanda, Lənkəran və Bakı şəhərlərinin hər birindən isə iki komanda iştirak edir.
Hər komandanın tərkibi 6 şahmatçıdan ibarətdir. Səkkiz gün davam edəcək yarışda kiçik yaşlı zəka sahiblərinə hər görüş üçün 120 dəqiqə vaxt verilir. Zona yarışlarında birinci və ikinci yeri tutan komandalar respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaq.