Şahmat üzrə dünya çempionu adı uğrunda oyun 2016-cı ilin noyabr ayında Nyu-Yorkda keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen Moskvada müəyyən olunacaq iddiaçılar turnirinin qalibi ilə qarşılaşacaq. On iki partiyadan ibarət dünya çempionatı noyabrın 11-dən 30-dək keçiriləcək. Turnirin ümumi mükafat fondu bir milyon dollardan çoxdur. Hesablamalara görə, çempionatı onlayn və TV yayımları vasitəsi ilə 1 milyard nəfərdən çox insan izləyəcək.
Şahmat tacı uğrunda sonuncu oyun 2014-cü ildə Soçidə keçirilib və auditoriyasının sayına görə rekord müəyyən edib: 1,2 milyarddan çox izləyici. Həmin yarışda Maqnus Karlsen keçmiş dünya çempionu Vişvanatan Anand ilə mübarizədə qalib gəlib.
Məlumat üçün qeyd edək ki, iddiaçıların turniri martın 11-də Moskvada başlayıb. Turnirdə Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Sergey Karyakin və Pyotr Svidler (Rusiya), Vişvanatan Anand (Hindistan), Veselin Topalov (Bolqarıstan) və başqaları iştirak edirlər. Turnirin mükafat fondu 420 min avrodur.