Liberiya Olimpiya yığması Rio-2016-ya getməyəcək

Liberiya Olimpiya yığması Rio-2016-ya getməyəcək
Liberiya Olimpiya yığması bu ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına getməkdən imtina edə bilər. Olimpnews.az saytının məlumatına görə, buna səbəb maliyyə vasəitinin çatışmazlığı və məlum Zika virusuna yoluxma riski göstərilir.

Əvvəllər Liberiya komandasının olimpiadaya 20 nəfərlə gedəcəyi bildirilirdi ki, bunun da 10 nəfərini idmançılar təşkil edirdi. Ölkənin idman naziriliyi hökumətə Braziliyaya səfər etmək üçün 152 min dollar ayırmaq barədə məktubla müraciət edib və məktuba rədd cavabı verilib.

Maliyyə nazirliyinin məktubunda bildirilir: "Ölkənin maliyyə vəziyyətini nəzərə alaraq sizin bu təklifinizi reallaşdıra bilməyəcəyik. Diqqətinizə çatdırım ki, Braziliya hazırda Zika virusu ilə ciddi mübarizə aparır. Buyaxınlaradək Ebola virusu ilə mübarizə təcrübəmizi yada salaraq demək istəyirəm ki, idmançıların dünyanın o başına, virus ocağına göndərilməsi əhalinin sağlamlığı üçün risk deməkdir”.

Liberiya Olimpiya Komitəsinin prezidenti Filipbert Braun isə bundan kədərləndiyini və təəssüf hissi keçirdiyini bildirib: "Bu nə deməkdir? Çox təəssüf edirəm. İdmançılarımız 4 ildir ki, sərasər olimpiadaya hazırlaşırlar və siz demək istəyirsiniz ki, onlar kənarda qalacaqlar?”.