Britaniyalı boksçu Derek Çisora ilə bolqarıstanlı Kubrat Pulev arasında keçiriləcək döyüşdən əvvəl mətbuat konfransında maraqlı insident yaşanıb.
Mayın 3-də Almaniyanın Hamburq şəhərində təşkil olunan konfransda idmançıların ənənəvi baxış dueli olub. Bu zaman Çisora Pulevin başını tutaraq boynunu sıxmaq istəyib. Dərhal mühafizəçilər işə qarışıb və insidentin böyüməsinə imkan verməyib.
"Mən zarafat etmirəm. Bura qalib olmaq üçün gəlmişəm. Pulevi indiyədək görmədiyi dərəcədə əzişdirəcəm. Onu təslim olmağa məcbur edəcəm. Onun boksunda qeyri-adi heç nə yoxdur. Ancaq o, hələ mənim kimi boksçu ilə döyüşməyib. Onu nokauta salacam”, - deyə Çisora bildirib.
Pulev də britaniyalı rəqibini cavabsız qoymayıb: "O, məni qorxuda bilməz. İndi nə istəyir, danışsın. Rinqdə belə sözlər ona kömək etməyəcək”.
EBU (Avropa Boks İttifaqı) versiyası üzrə Avropa çempionu titulu uğrunda Çisora – Pulev döyüşü mayın 7-də keçiriləcək.
Məlumat üçün bildirək ki, 32 yaşlı Çisoranın aktivində 25 qələbə (17 nokaut) və 5 məğlubiyyət var. 35 yaşlı Pulev isə karyerası ərzində keçirdiyi 23 döyüşün 22-də qələbə (12 nokaut) qazanıb. Yalnız bir dəfə məğlub olan bolqarıstanlı boksçu 2014-cü ilin noyabrında WBA (Ümumdünya Boks Assosiasiyası), WBO (Ümumdünya Boks Təşkilatı) və IBF (Ümumdünya Boks Federasiyası) kəmərləri uğrunda Vladimir Kliçko ilə döyüşdə 5-ci raundda nokauta düşüb.