"Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının ilk iki turu artıq yekunlaşıb və nəticələr məlum olub.
Olimpnews.az saytının məlumatına görə, A turnirində 10 ölkənin 48 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Belə ki, yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2748) Naxçıvan şahmatçısı, FİDE ustası Toğrul Həsənzadə (2326) ilə üz-üzə gəlib. Görüşdə üstün olan Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub. O, ikinci turda FİDE ustası Nail Bəşirli ilə (2384) qarşılaşmada növbəti xalını əldə edib.
Digər azərbaycanlı qrossmeyster, turnirin ötənilki qalibi Eltac Səfərli (2664) də ilk iki turda maksimum nəticə göstərib. O, müvafiq olaraq qrossmeyster Gülnar Məmmədovanı (2319 və FİDE ustası Məhəmməd Muradlını (2352) məğlub edib.
Digər maraqlı oyun isə turnirin ən reytinqli 3 şahmatçısından biri olan, rusiyalı qrossmeyster Yevgeni Alekseyevlə (2633) azərbaycanlı qrossmeyster Günay Məmmədzadə (2318) arasında olub. Gərgin keçən oyun heç-heçə nəticələnib. İkinci turda rusiyalı qrossmeyster azərbaycanlı FİDE ustası Aydan Höcətova ilə (2300), qrossmeyster Günay Məmmədzadə isə qrossmeyster Nicat Abasovla (2571) heç-heçə edib.
Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova (2236) ilk turda gürcü rəqibi İrakli Beradze (2424) ilə xalları yarı bölüb, ikinci turda isə belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatkonu (2501) məğlub etməyi bacarıb.
Naxçıvan şahmatçısı FİDE ustası Pərviz Qasımov (2375) ilk görüşündə beynəlxalq usta Nərmin Xəlifovaya (2193) məğlub olub, ikinci görüşündə isə beynəlxalq qrossmeyster Xəyalə Abdulla (2209) ilə xalları yarı bölüb. Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz beynəlxalq qrossmeyster Ürfan Sevdimalıyev (2400) türkiyəli FİDE ustası Sevgi Volkanla (2210) heç-heçə etdikdən sonra monqolustanlı beynəlxalq qrossmeyster Enxtuul Altan Ulziyə (2208) uduzub. Toğrul Həsənzadə isə ilk turda məğlub olsa da, ikinci turda Əhməd Əhmədzadəyə (2207) qalib gəlib.
İlk iki turdan sonra A turnirinə hər birinin hesabında 2 xal olan Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Azər Mirzəyev və Vüqar Əsədli başçılıq edirlər.
Əmsalı 2200-dən aşağı olan şahmatçıların mübarizə apardığı B turnirində isə iki turdan sonra 21 şahmatçı maksimum xal toplayıb. Bu turnirdə 100 şahmatçı mübarizə aparır.
"Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının C turnirində 164 zəka sahibi qüvvəsini sınayır. İlk iki turdan sonra 37 şahmatçı maksimum xal toplamağa nail olub.